Məhkəmə qərarları › İş №3(046)-813/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-813/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-813/2025 19.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Göyçay rayonu Qaraxıdır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qaraxıdır kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-2224/2025 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 19 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-2224/2025 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada göndərilmişdir. Məhkəmə qətnaməsinə əsasən aliment borcu 2025-ci ilin sentyabr ayından hesablanmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs borcundan heç bir ödəniş etməmişdir. Həmçinin barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu ay daxil olmaqla 500 manat aliment borcu vardır. Şəxs aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə çağırılmış, izahatı alınmış, izahatında aliment borcundan hazırda 250 manat ödəniş edə biləcəyini, qalan 250 manat aliment borcunu isə 10 gün ərzində ödəyəcəyini bildirmiş, lakin tələbkar bununla razılaşmayaraq aliment borcunun ödənilməsini tam şəkildə tələb etmişdir. Tərəflər arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Hal-hazırda Şəxs aliment borcundan 250 manat ödəniş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən hər ay ondan bir uşağın saxlanılması üçün 248 manat aliment borcunun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, sonra aliment borcunu ödəməsi üçün aliment pulunu hazır etmiş, lakin aliment 2025-ci ilin sentyabr ayından hesablandığı üçün aliment borcu yaranmışdır. Hal-hazırda aliment borcundan 250 manat ödəniş edir, qalan məbləği qısa müddət ərzində ödəyəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-2224/2025 saylı icra vərəqəsinə əsasən cavabeh Şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(046)-2224/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Göyçay rayonu, Qaraxıdır kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 250 manat Zərərçəkmiş şəxs məxsus kart hesabına ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı 500 manat aliment borcundan məhkəmə iclasında 250 manat ödəniş etmiş, 250 manat aliment borcu qalmışdır. Belə olan halda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən 500 manat borcundan 250 manat məbləğdə ödəniş etməsi, borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzrsüz səbəblərlə bağlı olmamasının müəyyən edilməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-2224/2025 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 19 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar