Məhkəmə qərarları › İş №3(046)-823/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-823/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-823/2022 26.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş X1 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Quba rayonu Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu Alpan kəndində qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, X3 xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söymüş, orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, buna baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Məhkəmədə inzibati xəta törətmiş X3 göstərmişdir ki, Göyçay şəhərində restoranda ofsiant işləyir. Təxminən iki aydır ki, qaynatası Sərdarın evində müvəqqəti olaraq yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində qaynı Nihat ilə birlikdə spirtli içki qəbul etmişdir. Daha sonra Nihatın tanışları ilə birlikdə kofe içmək üçün Göyçay şəhərində yerləşən “Manqal” kafesinə getmiş, saat 02 radələrində kafedən çıxıb evə piyada qayıdarkən Nihata kafedə hesabın çox gəlməsinə irad bildirərək kafe işlədən şəxsin ünvanına qarşı nalayiq söyüşlər söymüşdür. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb ictimai yerdə söyüş söyməyin qadağan olduğunu demişlər. Sərxoş olduğu üçün polis əməkdaşları ilə mübahisə etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində PPXB-nin polis nəfəri polis serjantı Murad Cəfərov ilə birlikdə Göyçay şəhəri Z.Bünyadov küçəsində xidmətdə apararkən Orxan və qaynı Nihatın yolun kənarı ilə ucadan danışaraq gəldiyini görmüş, Orxan onlara yaxınlaşmış, səbəbsiz yerə polis əməkdaşlarının ünvanlarına nalayiq söyüşlər söymüşdür. Orxana ictimai yerdə söyüş söyməyin qadağan olduğunu irad bildirdikdə Orxan yenidən nalayiq söyüşlər söyməyə davam etmişdir. Onu nizam-intizama dəvət etməklərinə baxmayaraq, qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiallarında olan xx.xx.2022-ci il tarixli 496 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. X5 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 02:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. X2 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 inzibati xətaları sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş X3 tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə təyin edilsin. X1 inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 150 manat müəyyən edilsin. Qərarın icrası X1 qeydiyyatda olduğu yer üzrə Quba rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar