Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-823/2024 16.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri, Natəvan küçəsində və Göyçay rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Eltun Hidayətovun, Şahid3, DYPB-nin axtarış üzrə inspektoru polis leytenantı Şahid2, yol patrul xidməti inspektorları Şahid7 və Şahid6 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdən saat 09:00-dan xx.xx.2024-cü il tarixə saat 09:00-dək əməliyyat istintaq qrupunda xidmətə təyin olunmuşdur. Növbədə olduğu müddət ərzində Göyçay rayon PPXB-nin əməkdaşları Eltun Hidayətov, Şahid3, DYPB-nin axtarış üzrə inspektoru polis leytenantı Şahid2, məsul növbətçi Şahid1 yol patrul xidməti inspektorları Şahid7, Şahid6 və İTB-nin rəisi Şahid4 tərəfindən rayon polis şöbəsinin rəisinə raportlar təqdim olunmuşdur. Təqdim olunmuş raportlar əsasında rayon polis şöbəsinə gətirilən Şəxs və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Göyçay rayon Qarabaqqal kənd bələdiyyəsində mühasib vəzifəsində işləyir. İşdə olduğu vaxt qardaşı Fərid Hüseynov mobil telefon vasitəsi ilə zəng vuraraq yol patrul xidməti əməkdaşları tərəfindən Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Ekonom” market adlı mağazanın yanında saxlanıldığını, ondan həmin yerə gəlməsini bildirmiş, qardaşı Fərid Hüseynovun sürücülük vəsiqəsi Göyçay Rayon Məhkəməsinin qərarı ilə müvəqqəti məhdudlaşdırıldığı üçün oraya getmişdir. Orada olduğu vaxt yol patrul xidməti əməkdaşlarına yaxınlaşmış, qardaşı Fəridin saxlanılmasının səbəbini soruşmuş, Fəridin idarə etdiyi avtomobilə etibarnaməsi olduğunu bildirərək yol patrul xidməti inspektoru Şahid6 ilə birlikdə avtomobilə əyləşmişdir. Həmin vaxt o, heç bir qanun pozuntusuna yol verəcək hərəkətlər etməmiş, yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, avtomobili idarə edərək rayon polis şöbəsinin duracağına aparmışdır. Göyçay rayon polis şöbəsinin duracağına daxil olduqda DYPB-nin rəisi Vüsal Həsənov avtomobil duracağında onun ünvanına dəfələrlə nalayiq söyüşlər söyərək kəmərindən tutub “indi 102 xidmətinə zəng elə” deyərək baş nahiyəsindən dirsəyi ilə vuraraq xəsarətlər yetirmiş, bununla bağlı polis şöbəsində ərizə yazmışdır. İş hal-hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırılmadadır. Aldığı xəsarətlərlə bağlı axşam saatlarında 4 dəfə təcili tibbi yardım avtomobili gələrək ona ilkin tibbi yardım göstərmişdir. Bildirir ki, Vüsal Həsənovla aralarında münaqişələri olduğu üçün əvvəllər rayon məhkəməsində iş olmuş, hal-hazırda apellyasiya instansiya məhkəməsindədir. Onu da qeyd edir ki, nə “Ekonom” market adlı mağazanın qarşısında nə də ki, polis şöbəsinin duracağında və növbətçi hissənin yanında heç bir polis əməkdaşına qarşı tabesizlik göstərməmiş, ünvanlarına nalayiq ifadələr işlətməmiş, qanuni tələblərinə tabe olaraq öz razılığı ilə avtomobili polis şöbəsinin duracağına aparmışdır. Göstərdikləri həmin ərazidə olan videogörüntü kameralarında öz əksin tapır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi Şahid1 Oqtay oğlu şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə məsul növbətçi kimi xidmətdə olduğu vaxt polis şöbəsinin inzibati binasının həyətində ünvansız söyüşlər söyüldüyünü eşitmiş, lakin söyüşün kim tərəfindən söyüldüyünü görməmiş, həmin yerə yaxınlaşmaq istədikdə Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasına gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin DYPB-nin axtarış üzrə inspektoru Şahid2 şahid qismində izahat verərək göstərmişdir ki, iş vaxtı xidməti otağında olarkən Şəxs rayon polis şöbəsinin həyətində yol patrul xidməti əməkdaşı və qapı postunun əməkdaşları ilə mübahisə edərək təhqir edici ifadələr işlətdiyini, yol patrul xidməti əməkdaşı Şəxs duracağa yerləşdirilən avtomobilin açarını verməsini tələb etdikdə o, açarı verməkdən imtina etdiyini görmüşdür. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 Müşviq oğlu şahid qismində izahat verərək göstərmişdir ki, Şəxs ilə əvvəlcədən heç bir tanışlığı yoxdur. xx.xx.2024-cü il tarixdə X6 yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onlar da həmin yerə kömək üçün çağırılmışdır. Daha sonra onlar həmin yerə yaxınlaşmış, orada Fərid avtomobilin açarın verməkdən imtina edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini görmüşdür. Bir qədər sonra həmin yerə Şəxs yaxınlaşmış, qardaşı Fəriddən avtomobilin açarını alaraq avtomobili rayon polis şöbəsinin duracağına aparmışdır. Həmin vaxt Şəxs yol patrul xidməti əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Polis şöbəsinin inzibati binasında olan hadisə ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid4 şahid qismində izahat verərək göstərmişdir ki, Şəxs əvvəlcədən Göyçay sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə iş vaxtı xidməti otağında olarkən polis əməkdaşları tərəfindən Şəxs idarə etdiyi avtomobil ilə birlikdə polis şöbəsinin duracağına gətirilmişdir. Həmin vaxt orada səs-küy olduğunu və yüksək səslə söyüş söyüldüyünü eşidərək həmin yerə yaxınlaşmış, orada Şəxs polis əməkdaşları və yol patrul xidməti əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək dəhlizdə səs-küy salmış, ona yaxınlaşıb dəfələrnən nizam-intizama dəvət etmək istəyərkən Xeyrəddin onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onun ünvanına nalayiq söyüşlər söymüş, “söyüş söyürəm yaxşı edirəm” deyərək öz hərəkətlərini davam etdirmişdir. Bununla bağlı barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün rayon polis şöbəsinin rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid5 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə nəzarət buraxılış məntəqəsində xidmətdə olduğu vaxt yol patrul xidməti əməkdaşı radio rabitə vasitəsi ilə onları köməyə çağırmışdır. Daha sonra yol patrul xidməti əməkdaşları ilə birlikdə avtomobil duracağa yerləşdirilmiş, Şəxs mobil telefonu istədikdə o, narazılıq edərək “siz kimsiz məndən telefon alırsız” deyərək səs-küy salmış, nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Daha sonra barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru Şahid6 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində xidmətdə olarkən sürücü X2 “KİA CEED” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, saxlama zamanı məlum olmuşdur ki, Fərid Hüseynovun sürücülük vəsiqəsi müvəqqəti məhdudlaşdırılmışdır. Bununla bağlı Fərid Hüseynova nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi barədə məlumat verilmiş, məlumat verildikdən sonra Fərid qardaşı Xeyrəddinin gəlməsini onlardan tələb edərək nəqliyyat vasitəsinin ona məxsus olmamasını, qardaşı Xeyrəddinə aid olmasını deyərək qardaşı gəldikdən sonra nəqliyyat vasitəsinin duracağa aparılacağını demişdir. X4 avtomobilin açarını verməsini, nəqliyyat vasitəsinin duracağa getməli olduğu bildirilmiş, lakin o açarı verməkdən imtina edərək qardaşı Xeyrəddinin gəlməsini gözləmişdir. Belə olan təqdirdə nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə PPXB-nin əməkdaşlarına məlumat verilmiş, bir qədər sonra Xeyrəddin həmin yerə gəlmiş, sənədləri yoxlanılarkən onun nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti olduğu müəyyən edilmişdir. Bundan başqa həmin nəqliyyat vasitəsi Kürdəmir sakini olan digər vətəndaşa etibarnaməsi olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin cərimələri olduğu üçün həmin vətəndaş DİN-nin 102 xidmətinə məlumat verərək “KİA CEED” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının cərimələri onun adına yazıldığı üçün avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı məlumat vermişdir. Xeyrəddin onlardan nəqliyyat vasitəsini özünün idarə edərək duracağa apara biləcəyini soruşduqda ona etibarnaməsi olduğu üçün idarə edə biləcəyini bildirmiş, daha sonra Şəxs, qardaşı Fərid Hüseynov və o, həmin avtomobilə əyləşərək rayon polis şöbəsinin duracağına getmişdir. Göyçay rayon polis şöbəsinin duracağında inzibati xəta haqqında protokol Fərid Hüseynov barəsində tərtib edildiyi üçün onunla təhvil-təslim edən vaxt duracaqda avtomobillər və vətəndaşlar çox olduğu üçün mübahisə kimin tərəfindən yarandığını görməmişdir. Mübahisə vaxtı ilk əvvəl Şəxs, sonra isə Fərid Hüseynov polis əməkdaşları tərəfindən növbətçi hissəyə aparılaraq təhvil verilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru Şahid7 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində xidmətdə olarkən “KİA CEED” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, Fərid Hüseynovun etibarnaməsi ləğv olunaraq nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra avtomobil yoxlanılarkən başqa bir şəxsində həmin avtomobilə etibarnaməsi olduğu, həmin etibarnamə əsasında cərimələr onun adına yazıldığı üçün DİN-nin 102 xidmətinə məlumat verərək avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı şikayət etmişdir. Bununla bağlı sürücü Fərid Hüseynova avtomobilin açarlarını təqdim etməsi bildirilmiş, lakin açarı verməkdən imtina etmiş, sonra həmin yerə Fəridin qardaşı Şəxs gəlmiş, Xeyrəddin gəlməmişdən qabaq həmin yerə PPXB-nin əməkdaşları çağırılmışdır. X11 tabesizlik göstərdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, sonradan Şəxs qardaşı Fərid Hüseynov və yol patrul xidməti inspektoru Şahid6 ilə birlikdə avtomobilə əyləşərək rayon polis şöbəsinin duracağına gəlmişdir. Orada olarkən Şəxs etibarnaməsi olduğu üçün avtomobili idarə etmişdir. Məhkəmə iclasında Şahid8 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024cü il tarixdə X3 idarə etdiyi avtomobildə əyləşmişdir. Onunla birlikdə “Məmmədrəşid” adlı ərazidə yerləşən ət dükanın yanında dayanmış, mağazaya ət almaq üçün girmiş, oradan çıxdıqdan sonra Fəridin yolun digər hissəsində yol patrul xidməti əməkdaşları ilə birlikdə söhbət etdiyini görərək onlara yaxınlaşmış, həmin vaxt yol patrul xidməti əməkdaşları Fəridə avtomobilin duracağa getməli olduğunu bildirmişdir. Daha sonra Fərid polis əməkdaşlarına avtomobilin onun adına olmadığını, qardaşı Xeyrəddinə məxsus olduğunu, qardaşı gəldikdən sonra avtomobilin duracağa aparılacağını demiş, 2-3 dəqiqə sonra Xeyrəddin həmin yerə gəlmiş, avtomobilə yol patrul xidməti əməkdaşı ilə birlikdə əyləşərək avtomobili rayon polis şöbəsinin duracağına aparmışdır. Orada Şəxs yol patrul xidməti əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şəxs müdafiəçisi Göyçay rayon vəkil bürosunun vəkili Vəkil çıxışında şahidlərin izahatına əsaslanaraq vurğuladı ki, Şəxs onların dediyinə görə ictimai yerdə tabesizlik göstərmişdir. Birincisi, Şəxs yol patrul xidməti əməkdaşları qanunsuz və əsassız olaraq avtomobilin rayon polis şöbəsinin duracağına getməsini tələb edirlər. İkincisi, Şəxs polis əməkdaşlarına qarşı etiraz etmək kimi bir fikri olsaydı avtomobilin yanında olarkən polis şöbəsinə getməkdən imtina edərdi. Şəxs polis əməkdaşlarına qarşı müqaviməti məhkəmə prosesində olan məsələlərdən yarandığını ehtimal edirlər. Məhkəmə iclasında izahat verən şahidlərin əksəriyyəti DYPB-nin rəisinin tabeçiliyində işləyən yol patrul xidməti əməkdaşlardı. Onların məhkəmə iclasına gələrək Şəxs lehinə izahat verməkləri ağlabatan deyildir. Şahidlər qeyd edir ki, həmin vaxt orada çoxlu sayda mülki vətəndaşlar olmuş, əgər inzibati xəta haqqında protokolda qeyd olunduğu kimi Şəxs rayon polis şöbəsinin həyətində və inzibati binasında polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib onların qanuni tələblərinə tabe olmamışdırsa həmin mülki şəxslərdən bir neçəsini şahid qismində cəlb edə bilərdilər. Polis əməkdaşları Şəxs polis şöbəsində ictimai asayişi pozaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı heç bir videogörüntü məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan başqa Şəxs qeyd edir ki, polis şöbəsinə gətirildikdə DYPB-nin rəisi tərəfindən ünvanına qarşı dəfələrlə nalayiq söyüşlər söyülərək təhqir edilmiş, baş nahiyəsindən xəsarət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri, Natəvan küçəsində və Göyçay rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Eltun Hidayətovun, Şahid3, DYPB-nin axtarış üzrə inspektoru polis leytenantı Şahid2, yol patrul xidməti inspektorları Şahid7 və Şahid6 qanuni tələblərinə qəsdən tabe olmamışdır; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. - DVD diskə köçürülmüş video görüntüdən görünür ki, X3 idarə etdiyi avtomobil YPX əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşı əvvəl həmin avtomobilə əyləşmiş, bir müddət sonra Fərid Hüseynov və polis əməkdaşı həmin avtomobildən enmiş və danışıqları artıq küçədə davam etmişdirlər. Sonra həmin yerə daha 2 xidməti avtomobil yaxınlaşmış, ondan bir neçə dəqiqə keçdikdən sonra həmin yerə Şəxs gəlmişdir. Şəxs yol patrul xidməti əməkdaşları ilə görüşdükdən sonra onlarla birlikdə dayandıqları yerdən uzaqlaşmışdır. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs ərizə ilə rayon polis şöbəsinin rəisinə müraciət edərək maddi imkanı olmadığı üçün onun dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, Şəxs ərizə ilə rayon polis şöbəsinin rəisinə müraciət edərək polis tərəfindən iddia olunan inzibati xəta pozuntusunun törədildiyi yeri əks etdirən təhlükəsizlik şəhər və polis şöbəsinin inzibati binasına quraşdırılmış video müşahidə kameralarından görüntülərin əldə olunaraq iş materiallarına əlavə edilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, Şəxs müdafiəçisi Vəkil məhkəmədən Göyçay RPŞ-in inzibati binasına və YPX avtomobilinə quraşdırılmış kamera və audioqeydiyyat cihazlarından çıxarışın əldə edilməsinin, həmçinin, şahid qismində X8 və Şahid8 dindirilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Göyçay RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayonu, Natəvan küçəsində olan təhlükəsizlik şəhər kameralarında qeydə alınmış videogörüntü məhkəməyə təqdim olunmuş, lakin Göyçay RPŞ-in avtomobil duracağında və növbətçi hissənin qarşısında olan kameralar işlək vəziyyətində olmadığından videogörüntülər qeydə alınmamış və “KİA SPORTAGE” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobildə quraşdırılmış kamerada yol şəraitindən asılı olaraq videogörüntü qeydiyyata düşməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, Məhkəmə əvvəllər Rusiya ilə bağlı ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda və ya polisin dağılmaq əmrinə tabe olmamaqda ittiham olunan şəxslərə qarşı inzibati icraata dair ərizələrə baxıb. Həmin proseslərdə birinci instansiya məhkəmələri polisin təqdimatlarını asanlıqla və birmənalı şəkildə qəbul etmiş və ərizəçilərin əksini sübut edən hər hansı bir sübut təqdim etmək imkanını rədd etmişlər. Məhkəmə qərara aldı ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.1-ci maddəsinə əsasən «Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən video müşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür». Məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş üzrə materialları tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmiş və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamasının və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə inzibati xəta törətməsi faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməmiş və məhkəmədən bunu sübut edəcək xüsusi texniki vasitələrin göstəricilərinin alınmasını xahiş etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlərin məhkəmə iclasında verdiyi izahat inzibati xəta faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş digər şəxslərin (ətrafda yaşayan və RPŞ-də bilavasitə bu hadisənin şahidi olmuş şəxslər) bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən, eyni zamanda mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə rol oynamış polis əməkdaşlarının izahatları ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Ehtimal edilən inzibati xəta hadisəsinin baş verməsini özündə əks etdirən, yol patrul avtomobilinə quraşdırılmış, eyni zamanda rayon RPŞ-nin inzibati binasına quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntünün və ya fotoşəkilin təqdim olunması üçün sorğu verilməsinə baxmayaraq, həmin görüntülərin heç birinin mövcud olmadığını bildirilərək, inzibati orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş təhlükəsizlik şəhər kameralarının görüntülərində Şəxs Göyçay şəhəri, Natəvan küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsi, polisin qanuni tələblərinə tabe olmaması əks olunmur. Əksinə görüntülərdə Şəxs yol patrul xidməti əməkdaşlarına qarşı heç bir tabesizlik göstərmədiyi, yol patrul xidməti əməkdaşı ilə birlikdə avtomobili duracağa apardığı müəyyən edilir. Bununla da, Şəxs hərəkətlərində ictimai qaydanın pozulması və polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması faktı şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Şəxs əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 8 iş saatı müddətində hüquqi yardım üçün 48 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-823/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-823/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver