Məhkəmə qərarları › İş №3(046)-826/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-826/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-826/2024 12.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən Göyçay RPŞ-nin inzibati binasında ucadan səs-küy salmış, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaxın qohumunun idarə Kia Ceed markalı **- BC-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Ekonom” marketlə üzbə-üz avtomobili saxlamış, həmin vaxt avtomobilə əyləşərək kənara çəkmiş, daha sonra yol patrul xidmətinin əməkdaşları xidməti avtomobillə ona yaxınlaşmış, avtomobili burda saxlamağını bildirmiş, bir dədiqə sonra avtomobili kənara çəkəcəyini bildirmiş, avtomobildən düşmüş, sənədləri tələb etmiş, sənədlərinin olmadığını bildirmiş, daha sonra avtomobili etibarnamə ilə idarə edən qardaşı gəlmiş, avtomobilə əyləşmiş, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində qapı postunda mobil telefonunu istəmişlər, mobil telefonunu içəri verəcəyini bildirmiş, daha sonra PŞ-nin DYPB-də Vüsal Həsənov onu təhqir etmiş, daha sonra Emin Mamedovun otağında onu şillə ilə vurmuşdur. Daha sonra izahat vermiş, izahat verdikdən sonra onu tutmuşlar. Polis əməkdaşlarını söyməmiş, səs-küy salmamış ictimai qaydanı pozmamışdır. Buna görə də barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə iclasında Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Şahid2 şahid qismində izahat verərək göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində xidmətdə olarkən sürücü Şəxs Xeyrəddin oğlu “KİA CEED” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, saxlama zamanı məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi müvəqqəti məhdudlaşdırılmışdır. Bununla bağlı Şəxs nəqliyyat vasitəsini duracağa yerləşdirilməsi barədə məlumat verilmiş, məlumat verildikdən sonra Fərid qardaşı Xeyrəddinin gəlməsini onlardan tələb edərək nəqliyyat vasitəsinin ona məxsus olmamasını, qardaşı Xeyrəddinə aid olmasını deyərək qardaşı gəldikdən sonra nəqliyyat vasitəsinin duracağa aparılacağını demişdir. Şəxs avtomobilin açarını verməsini, nəqliyyat vasitəsinin duracağa getməli olduğu bildirilmiş, lakin o açarı verməkdən imtina edərək qardaşı Xeyrəddinin gəlməsini gözləmişdir. Belə olan təqdirdə nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə PPXB-nin əməkdaşlarına məlumat verilmiş, bir qədər sonra Xeyrəddin həmin yerə gəlmiş, sənədləri yoxlanılarkən onun nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitəsi Kürdəmir sakini olan digər vətəndaşa etibarnaməsi olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin cərimələri olduğu üçün həmin vətəndaş DİN-nin 102 xidmətinə məlumat verərək “KİA CEED” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının cərimələri onun adına yazıldığı üçün avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı məlumat vermişdir. Xeyrəddin onlardan nəqliyyat vasitəsini özünün idarə edərək duracağa apara biləcəyini soruşduqda ona etibarnaməsi olduğu üçün idarə edə biləcəyini bildirmiş, daha sonra Xeyrəddin Hüseynov, qardaşı Şəxs və o, həmin avtomobilə əyləşərək rayon polis şöbəsinin duracağına getmişdir. Göyçay rayon polis şöbəsinin duracağında inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edildiyi üçün onunla təhvil-təslim edən vaxt duracaqda avtomobillər və vətəndaşlar olmuşdur. Şəxs duracaqda, nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının ünvanına söyüşlər söymüşdür. Məhkəmədə şahid qismində izahat vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri X3 şahid qismində izahat verərək göstərmişdir ki, Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri X8 ilə xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay şəhəri, Natəvan küçəsində Ekonom marketin qarşısında Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onlar da həmin yerə kömək üçün çağırılmışdır. Daha sonra onlar həmin yerə yaxınlaşmış, orada Fərid avtomobilin açarın verməkdən imtina edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini görmüşdür. Səs-küy salmış, çoxlu insanlar ora yığışmış, magistral yol bağlanmışdır. Natə Bir qədər sonra həmin yerə Fəridin qardaşı yaxınlaşmış, qardaşı Fəriddən avtomobilin açarını alaraq avtomobili rayon polis şöbəsinin duracağına aparmışdır.Polis şöbəsinin inzibati binasında olan hadisə ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri X8 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 21:00-dək Göyçay RPŞ-nin stasionar postunda xidmətdə olan zaman saat 11 radələrində DYPB-nin əməkdaşları duracaq DYPB tərəfdən qapının açılmasını bildirmişlər. Həmin vaxt Şəxs mobil telefonunu təhvil verməyini bildirmiş, Şəxs ona “siz kimsiz məndən telefon alırsız?” daha sonra izah etmişlər ki, inzibati binaya daxil olan zaman mobil telefonu təhvil verməlidir. Fərid telefonu onun üzərinə atmışdır. Daha sonra əməkdaşlarla mübahisə etməyə başlamışdır. DYPB-də kimin otağına daxil olduğunu görməmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin NH-nin məsul növbətçisi polis kapitanı Şahid1 Oqtay oğlu şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00-dan xx.xx.2024-cü il tarixdə 09:00-dək Göyçay RPŞ-nin NH-də xidmətə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində xidmətdə olan zaman şöbənin inzibati binasında Şəxs səs-küy salmış, unvansız söyüş söymüşdür. X10 xidməti otağına daxil olarkən görməmişdir. Daha sonra Şəxs polis əməkdaşları ilə birlikdə avtomoblin açarını təqdim etmək üçün növbətçi hissənin qarşısına yaxınlaşmışdır. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin DYPB-nin AÜ üzrə inspektoru polis leytenantı X5 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 11 radələrində DYPB-də xidməti otağında olarkən koridordan səs-küy gəldiyini eşitmiş, xidməti otağından çıxmış, həmin YPX-nin əməkdaşları və PPX-nin əməkdaşları ilə Şəxs mübahisə etdiyi görmüş, Fərid idarə etdiyi avtomobilin açarını və mobil telefonunu təhvil verməkdən imtina etmişdir. Həmin vaxt Şəxs “şərəfsizsiz məni hər dəfə gətirirsiz bura” ifadələrini işlətmişdir. Şəxs deyil, qardaşı Xeyrəddin Hüseynov söyüşlər söymüşdür. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bunda başqa müdafiəçi X4 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir.Bundan başqa Məhkəmə Şəxs cərimə cəzasını təyin edərkən Şəxs inzibati qaydada 1 gün tutulduğunu nəzərə alınmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə təyin edilsin. 05 saata görə hesablanmış 30 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar