Məhkəmə qərarları › İş №3(046)-833/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-833/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-833/2024 16.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 2-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətə təyin olmuşdur. Növbədə olduğu vaxt Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 15:00-dan 21:00-dək rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə 2 nömrəli marşurutuna xidmətə təyin edilmişlər. xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində rayon polis şöbəsinin növbətçi hissəsindən radio rabitə vasitəsi ilə dərhal Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 129, mənzil 14-də yaşayan X2 102 məlumatı ilə bağlı oraya getməkləri bildirilmiş, müraciət ilə bağlı Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 həmin ünvana getmiş, 102 xidmətinə məlumat verən Əflatun Babayevə yaxınlaşaraq özlərini təqdim etmiş, Əflatun Babayev ilə mübahisə edən qonşusu Elxanı məsələnin aydınlaşdırılması üçün rayon polis şöbəsinə dəvət edərək xidməti avtomobilə əyləşdirmişlər. Xidməti avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaq istədikdə Şəxs avtomobilin qarşısını kəsərək polis əməkdaşları Şahid2 və Şahid1 ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına “sizin üzərinizdəki geyimi çıxartdıraram” “lazımi orqanlara şikayət etdirərəm” deyərək hədə-qorxu gəlmiş, polis əməkdaşlarına maneəçilik törətməyə çalışaraq tabesizlik göstərmişdir. Sonradan polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Bərbərlik fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi təminatını qarşılayır. xx.xx.2024-cü il tarixdə qonşusu Elxan ilə atası Əflatunun arasında mübahisə yaranmış, mübahisənin yaranmasına səbəb qonşusu Elxanın uşağı ilə onun uşağının dava etməsi olmuşdur. Bununla bağlı arvadı qonşusu Elxana öz iradını bildirmiş, həmin vaxt Elxan arvadına qarşı nalayiq ifadələr işlətmişdir. Bununla bağlı atası 102 xidmətinə zəng edərək Elxandan şikayətçi olmuş, şikayət əsasında rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş, Elxanı xidməti avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmaq istəyərkən bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları avtomobili saxlatmış, həmin vaxt o, əsəbi olduğu üçün polis əməkdaşlarının Elxanı buraxdığını düşünərək oraya yaxınlaşmış, Elxanı nə səbəbə görə polis şöbəsinə aparılmamasının səbəbini soruşduqda polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbi olduğu üçün öz hərəkətlərinin fərqində olmayaraq ünvanlarına qarşı nalayiq ifadələr işlədərək “sizin paqonunuzu sökdürəcəm, üzərinizdəki geyimi çıxartdıracam” deyərək onların qanunu tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşərək rayon polis şöbəsinə gəlmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri Şahid2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə xidmət aparan zaman rayon polis şöbəsinin növbətçi hissəsindən radio rabitə vasitəsi ilə X2 DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında həmin əraziyə yaxın olduqları üçün Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getməkləri bildirilmiş, oraya getdikdə Əflatun Babayevin qonşusu Elxan ilə mübahisə etdiyini görmüş, məsələnin araşdırılması onların səlahiyyətinə aid olmadığı üçün Elxanı rayon polis şöbəsinə dəvət edərək xidməti avtomobilə əyləşdirdilər. Bir qədər oradan uzaqlaşdıqda Şəxs xidməti avtomobilin qarşısını kəsərək əsəbi halda ünvanlarına qarşı nalayiq ifadələr işlətmiş, avtomobildən düşüb Şəxs yaxınlaşan zaman Oqtay onun formasından tutub “sizin paqonunuzu sökdürəcəm, üzərinizdəki geyimi çıxartdıracam” deyərək hədə-qorxu gəlmiş, həmin vaxt onu sakitləşdirməyə çalışıb nizamintizama dəvət etməklərinə baxmayaraq, o öz hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Daha sonra barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirilmiş, xidməti avtomobildən düşdükdən sonra polis şöbəsinin qarşısında Şəxs onlarla mübahisə edərək “mənim yuxarı orqanlarda yüksək rütbəli adamlarım var” “sizin paqonunuzu sökdürəcəm” deyərək yenidən mübahisə etməyə başladı. Sonradan onu növbətçi hissəyə təhvil verərək rayon polis şöbəsinin rəisinə raportla müraciət etmişlər. Bundan başqa qeyd etmək istəyir ki, Şəxs məhkəməyə gətirilən vaxt atası Əflatun Babayev məhkəmənin inzibati binasının qarşısında onlara hədə-qorxu gələrək “Bakıdan məhkəməyə zəng elətdirmişəm, qoy məsələni yola verim görün sizin başınıza nə oyun açacam” deyərək hədələmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 məhkəmədə izahat vermiş Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə onu nizamintizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən Göyçay rayon polis şöbəsinin PPXBnin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs qonşusu Elxanın arvadına qarşı işlətdiyi ifadədən əsəbiləşib polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini etiraf etmiş, bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Həmçinin, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının sözlərinə də məhəl qoymamış, aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 sentyabr 2024-cü il tarixdən saat 20:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar