Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-84/2023 07.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən,Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1961-ci ildə Göyçay rayonun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Göyçay rayonun Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 09.13 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində « Daimler Chrysler» yük markalı ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta hadisəsinin olması 15 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, inzibati xətanın görüntüsü barədə CD disklə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 14 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində spirtli içki qəbul etmişdir. 15 yanvar 2023-cü il tarixdə «Daimler Chrysler» yük markalı ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Göyçay rayonu Cəyirli kənd ərazisində idarə edərkən polis əməkdaşı tərəfindən saxlanılmış, hərəkətləri ilə şübhə yaratdığı üçün ondan alkotester vasitəsilə sərxoşluq vəziyyətdə olub-olmaması yoxlanılmış, müayinə nəticəsində onun alkoqollu içki qəbul etdiyi müəyyən olunmuşdur. Lakin alkotesterin nəticəsi ilə razı deyil, çünki spirtli içkini bir gün əvvəl qəbul etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Yol Patrul xidməti inspektoru X2 bildirdi ki, Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 09.13 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədən «Daimler Chrysler» yük markalı ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış, Şəxs spirtli içki iyi gəldiyindən alkotester vasitəsilə sərxoşluq vəziyyətdə olub-olmaması yoxlanılmış, müayinə nəticəsində onun alkoqollu içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs alkotesterin nəticəsi barədə kağız üzərində olan məlumatla tanış olmuş, etirazının olmamasını bildirmiş və imzalamışdır. Lakin sonradan həmin gün saat 14 radələrində Göyçay rayon Polis Şöbəsinə gələrək müayinədən keçmək istədiyini bildirmiş, protokolla razı olmadığını bildirmişdir. Ona izah olunmuşdur ki, alkotesterin nəticəsi ilə razı olmadıqda bu barədə məlumatı dərhal vermək lazım idi, həmin andan xeyli vaxt keçdiyindən müayinəyə göndərilməsindən imtina edilmişdir. İşə əlavə edilmiş 15 yanvar 2023-cü il tarixli 01748 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,400 % müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, «Daimler Chrysler» yük markalı ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmış,həmin nəqliyyat vasitəsinin sürücüsü alkotester vasitəsi ilə müayinədən keçirilmiş,alkotesterin nəticəsinə sürücünün etirazı olmamışdır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydalar»ın 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə cərimə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 , 128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-84/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-84/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver