Məhkəmə qərarları › İş №3(046)-840/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-840/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-840/2023 21.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Göyçay rayonu, Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 20 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndi ərazisində olarkən yüksək səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu barədə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərərk baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gedərək uşaqlarını görmək istəmiş, lakin arvadı Nigar uşaqları ona göstərməkdən imtina edərək DİN-nin 102 xidmətinə zəng edərək ondan şikayətçi olmuşdur. Bildirir ki, küçədə ünvansız nalayiq ifadələr işlətməmişdir. Protokolda yazılanlar həqiqətə uyğun deyil. Odur ki, məhkəmədən barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid izahat verərək bildirdi ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayır. Şəxs onun keçmiş əridir. Uzun müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəxs içkili vəziyyətdə yaşadığı evə gələrək onun və uşaqların ünvanına nalayiq ifadələr işlədərək hədə-qorxu gəlmiş, onun hərəkətləri dözülməz həddə gəlib çatdığı üçün Şəxs barəsində dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək ondan şikayətçi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 20 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndi ərazisində olarkən ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, 020942 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. 20 dekabr 2023-cü il tarixli 473 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 20 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndi ərazisində olarkən ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati xətanı sərxoş halda törətməsini iş üzrə məsuliyyətin ağırlaşdıran hal olması kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə,, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 9 (doqquz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar