Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-842/2024 23.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Atatürk küçəsi, ev 119-da qeydiyyatda olan və Sumqayıt şəhərində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 23 sentyabr 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 7500 manat borc və 95 manat dövlət rüsumunu ödəməkdən yayınmış və icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7500 manat borc və 95 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gəlmiş, izahat verərək 2024-cü ilin avqust ayından etibarən tələbkar Zərərçəkmiş şəxs hər ay mütəmadi olaraq 500 manat məbləğində ödəniş edəcəyini bildirmiş, lakin tələbkar razılaşmayaraq borcun ödənilməsini tam şəkildə tələb etmişdir. Borclu Şəxs barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda iş yeri, ona məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Borclu Şəxs izahatında 500 manat ödəyəcəyini bildirsə də borcundan heç bir ödəniş etməmiş, bununla bağlı onun barəsində axtarış qərarı verilmişdir. Tərəflər arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan 7500 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Taksi fəaliyyəti ilə məşğul olur. Qazandığı pul maddi təminatını qarşılamır. Bir müddət atası xəstdə olduğu üçün onun müalicə xərclərini və az yaşlı uşaqlarının məktəb xərclərini qarşıladığı üçün maddi cəhətdən çətinliklər çəkmiş, buna görə də tələbkara olan borcundan ödəniş edə bilməmişdir. Hal-hazırda borcundan 500 manat ödəyir, qalan borcunu hər ay mütəmadi olaraq 500-600 manat civarında ödəyib borclu olduğu pulu qaytaracaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7500 manat borc və 95 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-843/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişi imza edərək götürmüşdür. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək heç yerdə işləmədiyini, borclu olduğu 7595 manat pulu sentyabr ayından başlayaraq aylıq 500-100 manat aralığında ödəyəcəyini, ödəmədiyi halda məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 500 manat ödəniş etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs borcundan 400 (dörd yüz) manat ödəniş etmək istəməsi və qalan borcu ödəyəcəyinə söz verməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını və borcunu ödəməyə davam etdiyini göstərir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmiş, borclu Şəxs borclu olduğu puldan 500 manat ödəməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-842/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-842/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver