Məhkəmə qərarları › İş №3(046)-852/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-852/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-852/2025 07.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 8 saylı RETSİ) nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət verərək, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin materiallarına baxılaraq xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərar rəsmi qaydada ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Göstərdiyi əsaslara görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati tənbeh edilməsinə əsas guya Göyçay rayonu tullantı poliqonunda məişət tullantılarının yandırılması, tullantıların yandırılması zamanı ƏMM tələblərinə əməl edilməməsi faktının aşkar edilməsi olmuşdur. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona istinad olunan inzibati xəta törətməyini təsdiq edən hər hansı sübutu, yəni foto və videogörüntünü, hal şahidini təqdim etmədən, başqa sözlə desək heç bir sübuta əsaslanmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd etmək istəyir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola da imza etməmişdir. İnzibati xətanın mövcudluğunu sübut etmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 baxmış və inzibati tənbeh edilməyi barədə qanunsuz qərar qəbul etmişdir. Barəsində inzibati xəta protokolu üzrə qərar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, hadisənin baş verdiyi yerin sxeminin tərtib edilməməsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdıran halların olub-olmamasının müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən onun verəcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları istinad edilən inzibati xətanın araşdırılması onun hüququnu məhdudlaşdırmışdır. Lakin göründüyü kimi bütün bunlara baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun heç bir məlumatı olmamış, iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən tərəfindən verilmiş izahat ümumiyyətlə nəzərə alınmamış, nəticədə əsassız cərimə edilməyi barədə qərəzli qərar qəbul edilmişdir. Sadalanan qanun normalarının tələblərindən görünür ki, 8 saylı RETSİ-nin rəisi X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, inzibati xətanın mövcudluğu haqqında heç bir sübutun olmadığına baxmayaraq inzibati xəta haqqında protokola baxmış və inzibati tənbeh edilməyi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Göyçay rayon Qarabaqqal kənd sakinləri tərəfindən şikayət edilmişdir ki, ərazidə tüstüdən yaşaya bilmirlər. Həmin şikayət əsasında onlar həmin əraziyə birinci dəfə getdikdə poliqon yanmamış, 3 gün sonra onların idarəsinə nəzarət edən nazirliyin əməkdaşları həmin yerə getmiş və onlara məlumat verərək Göyçay rayonu tullantı poliqonunda məişət tullantılarının yandığını bildirmişdi. Onun əsasında göstəriş verildi ki, inzibati xəta haqqında protokol tərtib edilsin. Poliqon ərazisinə nəzarət edən şəhər təsərrüfat birliyidir. Şəhər təsərrüfat birliyi ərazidı tullantıların çeşidlənməsinə və nizamla yığılmasına nəzarət etməlidir. Düzgün çeşidlənmə aparılmadığı üçün poliqon ərazi yandırılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X2 tərəfindən tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Göyçay şəhər Təsərrüfat Birliyinin rəisi X5 tərəfindən tullantıların yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, Göyçay rayon tullantı poliqonunda məişət tullantılarının yandırılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Göyçay rayonu İcra Hakimiyyəti yanında ŞTBnin rəisi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tərtib olunmuş inzibati materilların baxılması xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqında qərarı ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X3 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 271-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, Göyçay rayon tullantı poliqonunda məişət tullantılarının yandırılması və tullantıların çeşidləmə qaydalarının pozulması bildirilsə də, həmin sahədə baş vermiş tüstülənmənin səbəbi araşdırılmamışdır. Həmçinin, məsləhətçi-müfəttiş tərəfindən yazılmış xidməti məruzədə ərazidə müşahidə kamerasının quraşdırıldığı qeyd olunsa da, həmin kamera görüntüləri əldə olunmamış, yalnız tullantıların nizamsız şəkildə yığılması nəticəsində tüstülənmənin yaranması qeyd olunmuşdur. Buna dair müvafiq ekspertiza keçirilməmiş, X10 Xidməti cəlb edilməmiş, iş üzrə araşdırma aparılan zaman tam və obyektiv araşdırma aparılmamış və səthi araşdırma aparılaraq poliqonun tüstülənməsinə səbəb kimi tullantıların çeşidləmə qaydalarının pozulması göstərilmişdir. Bununla bağlı hər hansı sübut səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsinin natamam araşdırılması, nəticə etibarilə həmin əməlin həqiqətən də, X5 tərəfindən törədilməsində şübhələr yaratmış və bu şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda isə inzibati xəta haqqında qanunvericiliyin tələblərindən irəli gələrək X3 inzibati xəta əməlini törətməkdə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Eyni zamanda, qanunvericilik yuxarıda göstərilənlərlə yanaşı, pozuntunun sübut edilməsi yükünü də məhz inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə qoymuşdur. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə (AR İXM 129.1.3.) Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar