Məhkəmə qərarları › İş №3(046)-859/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-859/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-859/2024 30.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 10-(102)-42/10 saylı icra vərəqəsinə əsasən Şəxs 1 milyard 966 milyon rial (İran pulu) - 220.000 ABŞ dolları və ya 210.000 AZN məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 30 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 10-(102)-42/10 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1 milyard 966 milyon rial (İran pulu) – 220.000 ABŞ dolları və ya 210.000 AZN məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə borcundan ödəniş etdiyini bildirsədə, bununla bağlı sübut təqdim etməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmış, barəsində 2022-ci il tarixdə axtarış qərarı verilmişdir. Daha sonra icra tədbirləri davam etdirilərək borclunun əmlak vəziyyəti yoxlanılmış adına olan “Qazel 33021” yük markalı avtomobilin üzərinə həbs qoyulmuş, hərraca çıxarılmış, lakin hələ satılmamışdır. İcra sənədinin icra edilməsi istiqamətində çətinliklər yarandığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs ilə birlikdə alış-veriş etmişlər. Sonradan tələbkar vəfat etmiş, lakin vəfatından xəbəri olmamışdır. Şəxsiyyət vəsiqəsi almaq istəyərkən ona axtarışda olması bildirilmiş, axtarışda olması ilə bağlı ona icra şöbəsi tərəfindən heç bir məlumat verilməmiş, barəsində çıxarılmış qətnamədən məlumatı olmamışdır. Hal-hazırda borclu olduğu puldan 1000 manat ödəyir, qalan məbləği hər ay hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 10-(102)-42/10 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1 milyard 966 milyon rial (İran pulu) – 220.000 ABŞ dolları və ya 210.000 AZN məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2010-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 10-(102)-42/10 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək borclu olduğu puldan tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini, gələcəkdə imkanı yaxşı olacağı halda borcundan hissə-hissə ödənişlər edərək borclu olduğu pulu tamamilə ödəyəcəyini, əks halda barəsində görüləcək qanuni tədbirlərə heç bir etirazı olmadığını bildirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 10- (102)-42/10 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs adına qeydə alınmış “Qaz 33021” yük markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 1000 manat ödəmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati iş materialında olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Belə ki, inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Habelə onun imkanları barədə icra məmurunda kifayət qədər məlumatlar olsa da borclu tələbi icra etməkdən yayınır və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Belə ki, icra məmuru tərəfindən icra sənədini aldığı vaxtdan icraata başlamaq haqqında qərar qəbul edərək borcluya icraata başlamaq haqqında qərarın göndərilməsi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün borcluya bildirişin verilməsi, eyni zamanda məhkəmə qərarının icra edilməsi haqqında rəsmi xəbərdarlığın verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda borclunun icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra olunmaması kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını, hər ay borcundan davamlı olaraq ödəniş edəcəyini, hazırda isə borclu Şəxs borclu olduğu puldan 1000 manat ödəniş etməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 10- (102)-42/10 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar