Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-861/2024 01.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay şəhəri, Ə.Kərim küçəsi, 2/1, mənzil 35-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evində Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin tarixdə saat 02 radələrində Göyçay şəhəri, Natəvan küçəsində Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdən saat 09:00-dan əməliyyat istintaq qrupunda xidmətə təyin olunmuş, xidmətdə olduğu müddət ərzində PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 rayon polis şöbəsinin rəisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu vaxt Göyçay rayon polis şöbəsinin PPXB-nin komandir müavini Sərxan Məmmədovun telefon vasitəsi ilə onlara zəng edərək Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evində mübahisə olduğunu, həmin vaxt oraya getdiklərini, orada olarkən kafenin sahibi Zərərçəkmiş şəxs Şəxs onu sərxoş vəziyyətdə söyərək təhqir etdiyini, Seymurun hal-hazırda “Delux” adlı kafenin qarşısında olduğunu bildirmişdir. PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs bununla bağlı rayon polis şöbəsinin rəisinə şikayət ərizəsi ilə müraciət etməli olduğunu bildirərək Şəxs olduğu “Delux” adlı kafenin qarşısına getmişlər. Həmin vaxt Şəxs rayon polis şöbəsinə gətirilərkən PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmadığı üçün rayon polis şöbəsinin rəisinə raportla müraciət etmişlər. Həmin gün saat 02:00 radələrində Şəxs polis şöbəsinə gətirilərək izahatı alınmış, izahatında Afət Hadıyevin ünvanına sərxoş olduğu üçün söyüş söydüyünü etiraf etmiş, lakin polis əməkdaşlarına qarşı tabesizlik göstərmədiyini bildirmişdir. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul edərək izahatında göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında münaqişləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs işlətdiyi “Qızılgül” çay evinin qarşısına getmiş, sərxoş vəziyyətdə olduğu üçün etdiyi hərəkətlərini anlamayaraq onun ünvanına söyüş söymüşdür. Daha sonra polis əməkdaşları onun olduğu “Delux” adlı kafenin qarşısına gəlmiş, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş, nə səbəbə görə getməli olduğunu soruşduqda barəsində şikayət olduğu bildirilmiş, həmin vaxt o, heç bir tabesizlik göstərməyərək polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Şəxs onun işlətdiyi çay evinin qarşısına gəlmiş, çay evində işləyən xanıma zəng edərək onunla işi olduğunu bildirərək çölə çıxmasını tələb etmişdir. Həmin vaxt o, işçisinə işdə olduğunu, telefonunu söndürməsini, “işdən sonra gedib danışarsan” demiş, 5 dəqiqə sonra Seymur işlətdiyi yerə girərək üstünə tərəf gəlmiş, onunla işi olduğunu bildirərək aşağı düşməsini tələb etmiş, Seymura içkili olduğunu daha sonra gəlməsini bildirmişdir. Daha sonra içəridə olan müştəri Seymuru çölə çıxartmış, həmin vaxt o da çölə çıxdıqda Seymur onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Şəxs ilə onun arasında əvvəlcədən heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında Şahid3 şahid qismində izahat verərək bildirdi ki, axşam saatlarında Seymur onun mobil telefonuna zəng edərək işdən sonra onunla görüşüb söhbət etmək istədiyini dedikdə Seymura onu zəng edib narahat etməməsini bildirmişdir. Bir qədər sonra Seymur yenidən onun mobil telefonuna zəng etmiş, lakin danışmaq istəmədiyi üçün zəngə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə Seymur “Qızılgül” çay evinə gələrək obyektin sahibi Zərərçəkmiş şəxs yaxınlaşaraq kofe içmək istədiyini bildirmiş, Afətə onunla işi olduğunu deyərək çölə çıxmasını demiş, həmin vaxt Afət ona içkili olduğunu, “sabah gələrsən danışarıq” demişdir. Həmin vaxt Seymur Afətin ünvanına nalayiq söyüşlər söyərək obyektin onun qohumuna məxsus olmasını, “mən oturacam aşağıda sənin kimilər mənə qulluğ edəcək” deyərək təhqir etmiş, obyektdə olan müştərilər Seymuru çölə çıxarmışdır. Sonradan Zərərçəkmiş şəxs Göyçay rayon polis şöbəsinə zəng etmiş, PPXB-nin əməkdaşları oraya gələrək Seymuru polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis serjantı Şahid2 şahid qismində izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində 2 nömrəli avtopatrulda xidmət aparan zaman tağım komandiri Sərxan Məmmədov onlara “Qızılgül” çay evində səs-küy olduğunu oraya yaxınlaşmaqlarını bildirmişdir. Ora yaxınlaşarkən Qızılgül” çay evini işlədən Zərərçəkmiş şəxs Seymurun onun ünvanına qarşı nalayiq ifadələr işlətdiyini bildirərək Şəxs hal-hazırda “Delex” çay evinin qarşısında olduğunu demişdir. Onlar həmin yerə yaxınlaşmış, Seymurun ünvansız nalayiq ifadələr işlətdiyini görərərək onu nizam-intizama dəvət edərək sakitləşdirib xidməti avtomobil ilə rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Seymur onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evində Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin tarixdə saat 02 radələrində Göyçay şəhəri, Natəvan küçəsində Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:20-də inzibati qaydada tutulmuşdur. - 01 oktyabr 2024-cü il tarixli 391 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında “Qızılgül” çay evinin qarşısına getdiyini orada olarkən sərxoş olduğu üçün öz hərəkətlərinin anlamayaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini etiraf etmiş, “Delux” çay evinin qarşısında olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq barəsində olan şikayətlə bağlı rayon polis şöbəsinə getməsini tələb etdikdə polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməyərək rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş PPXB-nin polis nəfəri Şahid1 izahatında “Delux” çay evinin qarşısında olarkən Şəxs yaxınlaşdıqlarını, həmin vaxt Seymurun ünvansız nalayiq ifadələr işlətdiyini, lakin qanuni tələblərinə qəsdən tabesizlik göstərmədiyini bildirmiş, bununla da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” çay evində Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-861/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-861/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver