Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-861/2025 15.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxx 1964-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-333/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 97.397 (doxsan yeddi min üç yüz doxsan yeddi) manat məbləğində ziyan və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 12 dekabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)- 333/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 97.397 manat məbləğində ziyan və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada göndərilmişdir. Borclu Şəxs icra şöbəsinə dəvət olunaraq ona hüquq və vəzifələri izah edilmiş, borcun ödənilməsi təklif edilmiş, lakin borclu maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməyəcəyini, növbəti aylarda hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. İcra sənədi üzrə borclu Şəxs ödənilməyən 92.067 manat borcu qalmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Hal-hazırda borclu borcundan 200 manat ödəniş edir, qalan borcun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs MMCi ilə razılığa gəlmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o 2007-ci il tarixdən 2017-ci il tarixədək Göyçay Zərərçəkmiş şəxs MMC-nin rəisi vəzifəsində işləmişdir. 2018-ci il tarixdə barəsində cinayət işi başlanılmışdır. O, bütün maliyyə sənədləri ilə sübut etmişdir ki, qeyd olunan vəsaiti görməmiş, lakin hazırkı vəziyyətdə sözügedən vəsaitin tutlmasına dair icra vərəqəsi mövcuddur. Sonradan başa düşmüşdür ki, hökmdən apellyasiya şikayəti ilə müraciət etməli olduğu halda etməmişdir. O, 2017-ci ilin oktyabr ayında işdən azad olunmuş, ona bildirilmişdir ki, işə bərpa olunduqdan sonra işlədiyi dövr ərzində əmək haqqısından tutulacaqdır. Qeyd olunan məbləği onunla birlikdə baş mühəndisdən də tələb olunmuş, həmin şəxs hazırda pensiya çıxmış və pensiya kartından hər ay 50 manat ödəniş edir. O, icra sənədi üzrə olan borcdan boyun qaçırmır. Mütəmadi olaraq ödənişlər etməyə hazırdır. İşə girdikdən sonra borcunun əmək haqqısına yönəldilməsinə də etiraz etməyəcəkdir. Müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, tələbkar Zərərçəkmiş şəxs MMC-i ilə borclu aralarında razılıq əldə olunduğu üçün Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsii xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-333/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 97.397 manat məbləğində ziyan və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(046)-333/2019 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 200 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən dekabr ayı da daxil olmaqla hər ayın 15-nə kimi mütəmadi olaraq minimum 200 manat ödəniş edilməsinə etiraz edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı 200 manat ödəniş etmiş, hər ay mütəmadi olaraq minumum 200 manat ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs MMC-i ilə aralarında razılıq əldə olunmuşdur. Belə olan halda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirmək əsaslı olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borcundan 200 manat ödəniş etməsi, hər ay mütəmadi olaraq minumum 200 manat ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs MMC-i ilə aralarında razılıq olunması iş materiallına əlavə olunmuş sənəd, icra məmurunun məhkəmə iclasında verdiyi izahatında və təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmışdır. Bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-333/2019 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 6 iş saatı müddətində hüquqi yardım üçün 66 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-861/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-861/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver