Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-867/2024 02.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X2, müdafiəçi X3 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı şəhəri, Mehdi Hüseyn küçəsi, ev 12-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 10:55 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətində vətəndaş qəbulu zamanı polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin vaxt xidməti vəzifəsini icra edən PPXB-nin polis nəfərləri Şahid3 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi Şahid2 rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək Şəxs rayon polis şöbəsinə dəvət olunan zaman onun və İTB-nin sahə polis nəfəri Şahid4 qanuni tələblərinə qəsdən tabe olmadığını bildirmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdən saat 09:00-dan əməliyyat istintaq qrupunda xidmətə təyin olunmuşdur. Növbədə olduğu müddət ərzində Göyçay rayon polis şöbəsinin PPXBnin polis nəfəri, polis baş serjantı Şahid1 rayon polis şöbəsinin rəisinə raportla müraciə edərək, xx.xx.2024-cü il tarixdə 09:00-dan saat 21:00-dək PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə 2 nömrəli piyada postunda xidmətə təyin edildiklərini, həmin vaxt saat 10:55-də Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən İcra Hakimiyyətində vətəndaş qəbulu zamanı 2 nəfər şəxsin ucadan səs-küy salaraq polisin ünvanına nalayiq söyüşlər söydüyünü görüb həmin şəxslərə yaxınlaşıb nizam-intizama dəvət etmişlər. Həmin vaxt X6 və Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadığını bildirmişlər. Daha sonra həmin işin icrası ərazi aidiyyəti üzrə sahə rəisi Şahid2 tapşırılmışdır. Raportun icrası ilə bağlı Şahid2 vətəndaşları rayon polis şöbəsinə dəvət edən zaman onlar yenidən öz hərəkətlərini davam etdirərək ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Bu barədə Şahid2 rayon polis şöbəsinin rəisinə raportla müraciət etmişdir. Daha sonra Şəxs barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, yaşadıqları evin işığının kəsilməsi ilə bağlı əri X6 ilə birlikdə Göyçay rayon İcra Hakimiyyətinə gedərək kömək istəmişlər. İcra Hakimiyyətinin başçısı Natiq Ağayev onları qəbul etmiş, göstəriş verərək onlara köməklik olunmasın bildirmiş, bununla bağlı orda ərizə yazaraq taksi ilə yaşadıqları evə qayıdarkən Göyçay rayonu, Xəlitli kəndi ərazisində əri Elnurun mobil telefonuna zəng gəlmiş, ərinin telefonuna cavab verərək kim olduğunu soruşduqda ona İcra Hakimiyyətində ərizə yazılıb imzalandığı və bununla bağlı izahat alınmalı olduğu bildirilmiş, zəng edən şəxsə hal-hazırda Mallı-Şıxlı kəndinin yanında olduqlarını demişdir. Daha sonra həmin yerə sahə rəisi Şahid2 yanında digər polis əməkdaşı ilə birlikdə gəlmiş, ərinə “gəlin minin maşına rəis sizi gözləyir” demiş, həmin vaxt o, az yaşlı uşaqları ilə birlikdə avtomobilə əyləşmiş, əri əşyalarının taksidə olduğunu deyərək əşyaları götürmək istəyən vaxt sahə rəisi Xəlilə avtomobilin pəncərəsini açmasını dedikdə Xəlil az yaşlı uşağı qucağında ona təpiklə, baş nahiyyəsinə yumruq və uz nahiyyəsinə sillə ilə vuraraq xəsarət yetirmiş, aldığı xəsarətlə bağlı təcili tibbi yardımda olan məlumatları polis əməkdaşları sildirmişdir. Həmin gün axşam saatlarında polis şöbəsində olarkən polis əməkdaşları “az yaşlı uşaqlarını səndən alacıyıq” “ərini içəridə yatızdıracıyıq səni də tutub salacıyıq padvala” deyərək ona qarşı hədə-qorxu gələrək sahə rəisindən etdiyi şikayət ərizəsini geri çəkməyini bildirmişlər. Həmin gün o, az yaşlı uşaqları ilə birlikdə polis şöbəsində saxlanılmışdır. Hadisə vaxtı ona və ərinə qarşı olunan hərəkətləri orada olan mülki şəxslər mobil telefon vasitəsi ilə videoya çəkmişlər. Onlar İcra Hakimiyyətində olarkən səs-küy salmamış, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişlər. Barəsində inzibati cərimə tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTBnin sahə rəisi Şahid2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına polis nəfəri Şahid1 raportu daxil olmuşdur. Raportda göstərilmişdir ki, Elnur və onun arvadı Zəhra Göyçay rayon İcra Hakimiyyətinin qarşısında polisin qanuni tələblərinə tabe olmayaraq ictimai yerdə səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Raportu icraatına götürərək Elnurun mobil telefonuna zəng edərək izahat verməsi üçün onu rayon polis şöbəsinə dəvət etmiş, lakin Elnur və arvadı polis şöbəsinə gələrək izahat verməkdən imtina etmiş, materialın yalan olduğunu və bununla razı olmadıqlarını bildirmişlər. Onlara telefonda “materialla bağlı narazılığınız varsa gəlin izahatınızda narazılığınızı qeyd edin” deyərək rayon polis şöbəsinə gəlməklərini bildirdikdə onlar izahat verməkdən və polis şöbəsinə gəlməkdən boyun qaçırdılar. Bir neçə saat sonra xidməti ərazidə sahə polis nəfəri Şahid4 ilə birlikdə xidmətdə olan zaman Elnur və onun arvadını Mallı-Şıxlı kəndi ərazisində görərək onlara yaxınlaşaraq özlərini təqdim etmiş, raportla tanış etmişlər. Elnur və arvadı Zəhra həmin vaxt küçədə yenidən polisin ünvanına nalayiq ifadələr işlədərək səs-küy salmağa başladılar, polis şöbəsinə gedib izahat verməkdən imtina etdilər. Onları dəfələrnən nizam-intizama dəvət etsələrdə, onlar qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdilər. Bundan başqa yerdən daş götürərək onlara hücum edib “ay camahat qoymuyun polislər bizi döyərək söyür, az yaşlı uşaqların ata və anasını maşına basırlar” deyərək qışqırmağa başladılar. Bununla bağlı onlar rayon polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayaraq kömək istəmişlər, kömək olaraq iki polis maşını qrup ilə kömək üçün gəldilər. Həmin vaxt onlar yenidən kömək üçün gələn PPXB-nin əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək qışqırmağa başladılar, onun formasından Elnur və arvadı Zəhra tutaraq “baxın camahat polis əməkdaşları mənim şərəfimə və arvadıma toxunurlar” deyərək səs-salaraq qışqırmağa başladı, onun və digər polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək təhqir etdi. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid7 məhkəmədə izahat vermiş Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Tahirovun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və 02 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 10:55 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən İcra Hakimiyyətində vətəndaş qəbulu zamanı polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, xidməti vəzifəsini yerinə yetirən PPXB-nin polis nəfərləri Şahid3 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi Şahid2 rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, Şəxs rayon polis şöbəsinə dəvət olunan zaman onun və İTB-nin sahə polis nəfəri Şahid4 qanuni tələblərinə qəsdən tabe olmadığını bildirmişdir; -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs həqiqətən həyat yoldaşı və uşaqları ilə birlikdə xx.xx.2024-cü il tarixində elektrik enerjisinin bərpa edilməsinə köməklik göstərilməsi üçün icra başçısının qəbuluna getdiyini etiraf etmişdir. Orada səs küy salmadığını bildirsə də bu fakt şahid ifadələri ilə təkzib olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətində vətəndaş qəbulu zamanı polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin vaxt xidməti vəzifəsini icra edən PPXB-nin polis nəfərləri Şahid3 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra onlar polis şöbəsinə dəvət olunmuş, lakin bundan imtina edərək diqqət çəkmək məqsədi ilə ucadan səs-küy salaraq, polis əməkdaşları tərəfindən döyüldüklərini bildirmişdirlər. Beləliklə, Şəxs törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X5 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon vəkil bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-867/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-867/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver