Məhkəmə qərarları › İş №3(046)-868/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-868/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-868/2024 02.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, Alxasava kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, Dövranlı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Pirallahı Rayon Məhkəməsinin 2(094)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 11 oktyabr 2022-ci il tarixdən başlayaraq 26 fevral 2006-cı il tarixdə anadan olmuş X3 və 06 iyun 2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vaqiz qızının xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 02 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 11 oktyabr 2022-ci il tarixdən başlayaraq 26 fevral 2006-cı il tarixdə anadan olmuş X3 və 06 iyun 2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vaqiz qızının xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs hər ay aliment borcundan ödənişlər edərək bugünədək 2090 manat ödəniş etmiş, aylıq təyin edilmiş 340 manat aliment borcunu tam ödəyə bilmədiyi üçün 6070 manat aliment borcu qalmışdır. Borclu Şəxs barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda iş yeri, ona məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə gələrək aliment borcunun ödənilməməsi ilə bağlı şikayətlər etmiş, tərəflər arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vaqiz qızının xeyrinə verilməsi qət edilmişdir. O, hər ay 200-250 manat civarında ödənişlər etmiş, aliment borcunu tam şəkildə ödəyə bilmədiyi üçün aliment borcu yaranmışdır. Fəhləlik edərək aliment borcundan ödənişlər etsə də, işsiz qaldığı dövr ərzində heç bir ödəniş edə bilməmiş, sonradan işlə bağlı Rusiya Federasiyasına gedərək orada işləmiş, getdiyi günün növbəti ayından etibarən hər ay imkanı çatdığı qədər aliment borcundan ödənişlər etmişdir. Hal-hazırda aliment borcundan 400 manat ödəyir, qalan borcunu hər ay mütəmadi olaraq ödəyib borclu olduğu pulu qaytaracaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pirallahı Rayon Məhkəməsinin 2(094)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 11 oktyabr 2022-ci il tarixdən başlayaraq 26 fevral 2006-cı il tarixdə anadan olmuş X3 və 06 iyun 2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Vaqiz qızının xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Pirallahı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(094)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək 6070 manat aliment borcundan ödəniş edə bilmədiyini, gələcəkdə imkanı yaxşı olacağı halda aliment borcundan hər ay hissı-hissə ödəniş edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 400 manat Zərərçəkmiş şəxs hesanına ödəmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı hər ay mütəmadi olaraq ödənişlər edərək aliment borcundan 2090 manat ödəməsi, hal-hazırda 400 manat ödəyərək hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs icra sənədi ilə bağlı hər ay mütəmadi olaraq ödənişlər edərək aliment borcundan 2090 manat ödəniş etməsi, halhazırda borclu olduğu puldan 400 manat ödəməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Pirallahı Rayon Məhkəməsinin 2(094)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar