Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-877/2024 11.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, sənədlərə baxış zamanı iş materiallarına zərərçəkmiş şəxsin şikayət ərizəsi və izahatının, həmçinin inzibati xətanın predmeti olan məhsulun dəyərini müəyyən etməyə imkan verən sübutun əlavə edilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, inzibati icraat zamanı iddiaçı zərərçəkmiş şəxs olmasına baxmayaraq inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Bundan başqa AR İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Hazırki halda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, iş üzrə sadəcə xx.xx.2024-cü il tarixli raport və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar əlavə edilmiş, həmin raport və qərarda zərərçəkmiş şəxsin adından alınmış şifahi izahata əsasən mağazadan 10 manat 40 qəpik məbləğində məhsulların oğurlandığı bildirilmiş, lakin zərərçəkmiş şəxsin yazılı izahatı iş materiallarına əlavə edilməmiş, məhsul 10 manat 40 qəpik məbləğində qiymətləndirmiş və səlahiyyətli orqan şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhsulların dəyərinin dəqiq və düzgün qiymətləndirilməsi əməlin inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsin izahatı və şikayət ərizəsi əlavə olunmadığından, o cümlədən iş üzrə əmlakının dəyərinin dəqiq və düzgün qiymətləndirilməsinə əsas verən sübut məhkəməy təqdim edilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 227-ci maddəsi üzrə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan onu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-877/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-877/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver