Məhkəmə qərarları › İş №3(046)-879/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-879/2024

12.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-879/2024 12.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Göyçay rayonu, Bəydövül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Bəydövül kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 21:40 radələrində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bundan başqa 06 oktyabr 2024-cü il tarixdə saat 00:29 radələrində DİN-nin 102 xidmətinə zəng vuraraq Göyçay rayon polis şöbəsinin əməkdaşlarının ünvanına qarşı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin tarixdə saat 00:40 radələrində Göyçay şəhəri, Ə.Cavad küçəsində yaşadığı evin qarşısında onu nizamintizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, inzibati xəta haqqında protokol Göyçay rayon polis şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Pərvin Ələkbərovun raport əsasında xx.xx.2024-cü il tarixdə Şəxs rayon polis şöbəsinə gətirilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Məhkəmənin qərarına əsasən Sona ilə araların bağlanmış nikah pozulmuş, nikahlarının pozulmasında səbəbkar Sonanın anası olmuşdur. Nikahları pozulduqdan sonra bir neçə dəfə Sonanın mobil telefonuna zəng vurmuş, telefonu tanımadığı başqa bir kişi açmış, kim olduğunu soruşduqda həmin şəxs onun ünvanına qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt o, işlətdiyi ifadələrə görə DİN-nin 102 xidmətinə zəng vurub şikayətçi olacağını bildirdikdə “kimi istəyirsən yığ” deyərək cavab vermişdir. Daha sonra o, 2-3 dəfə DİN-nin 102 xidmətinə zəng vurmuş, müraciət ilə bağlı heç bir polis əməkdaşı gəlməmiş, bundan əsəbiləşərək Zərərçəkmiş şəxs mobil telefonuna zəng vurmuş, ondan telefona cavab verən şəxsin kim olduğunu soruşduqda aralarında mübahisə yaranmış, həmin vaxt Sonanın ünvanına nalayiq söyüşlər söymüşdür. DİN-nin 102 xidmətinə etdiyi zəngdən 2 saat sonra PPXB-nin əməkdaşları yaşadığı ünvana gəlmiş, onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmiş, polis əməkdaşlarına uşağının yanında olduğunu onu tək qoyub gedə bilməcəyini, rayon polis şöbəsinə gedəcəyi halda özünə bıçaqla xəsarət yetirəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə 1 il 2 aydır ki, ayrı yaşayırlar. Rəşadın məhkəmənin qərarına əsasən uşaqla ünsiyyət hüququ olmasa da o, Rəşadın hər gün uşağı ilə əlaqə saxlamasına və görüşməsinə şərait yaratmışdır. Rəşad uşaqla telefon vasitəsi ilə əlaqə saxlayan vaxtlarda bəhanələr gətirərək onunla danışmış, “sənin mənimlə ayrılmağına baxma nəsə sənin səhv hərəkətini görsəm səni bıçaqlıyaram” deyərək ona qarşı hədə-qorxu gəlmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək “sənin nəslində mənim qarşıma çıxan kişi yoxdur” deyərək təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad uşağını yaşadığı evə aparmış, həmin gün dəfələrnən onun telefonuna zəng vurmuş, bir neçə dəfə zənglərinə cavab verməsə də sonradan uşağından narahat qaldığı üçün telefonu açdıqda Rəşad yenidən ünvanına qarşı nalayiq söyüşlər söyməyə davam etmiş, Rəşada etdiyi hərəkətlərə görə şikayət edəcəyini bildirdikdə “get hara şikayət edirsən elə mən polisdən qorxmuram” demişdir. Həmin gün axşam saat 12 radələrində anası ilə birlikdə taksi ilə Göyçay rayon polis şöbəsinə getmiş, növbədə Tərlan müəllim ona ərizə yazdıran vaxt Rəşad dəfələrnən onun mobil telefonuna zəng etmiş, Tərlan müəllim kim olduğu soruşub telefonu açan zaman Rəşad polis əməkdaşını söyüb təhqir etməyə başlamışdır. Bununla bağlı polis əməkdaşları Rəşadın yaşadığı ünvana getmiş, onu rayon polis şöbəsinə gətirmək istəyərkən Rəşad polis əməkdaşlarını hədələyərək özünə bıçıqla xəsarət yetirəcəyini bildirmişdir. Hal-hazırda ondan şikayətçidir. Barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 21:40 radələrində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bundan başqa 06 oktyabr 2024-cü il tarixdə saat 00:29 radələrində DİN-nin 102 xidmətinə zəng vuraraq Göyçay rayon polis şöbəsinin əməkdaşlarının ünvanına qarşı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, həmin tarixdə saat 00:40 radələrində Göyçay şəhəri, Ə.Cavad küçəsində yaşadığı evin qarşısında onu nizamintizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs əsəbiləşərək Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söydüyünü və hədələdiyini etiraf etmiş, bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Həmçinin, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının sözlərinə də məhəl qoymamış, onlara qarşı özünə bıçaqla xəsarət yetirəcəyini bildirərək hədə-qorxu gələrək öz hərəkətlərini davam etdirmişdir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 oktyabr 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar