Məhkəmə qərarları › İş №3(046)-883/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-883/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-883/2024 22.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu, Çərəkə kəndi ərazisində keçirilən toy axşamı məclisində kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Samirin toy axşamı məclisinə qonaq getmiş, orada həmkəndlisi Famil Əzizov onlara “narahat olmuyun qumar oynamaq istəyən oynasın icazə almışam, polis bura gəlmiyəcək” demişdir. Daha sonra o, həmkəndliləri ilə birlikdə qumar oynamış, qumar oynayan zaman polis əməkdaşları oraya gəlmiş, oynadıqları kartı və pulları götürərək onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən, xx xxxx 2004-cü il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Çərəkə kəndi ərazisində keçirilən toy axşamı məclisində pul vəsaitindən istifadə edərək oyun kartları ilə qumar oynunda iştirak etmişdir. Oyun zamanı 72 ədəd kart və 35 manat pul götürülmüşdür. - DVD diskə köçürülmüş video görüntüdən görünür ki, Şəxs kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş Şəxs izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş üzrə Şəxs əməlindən səmimi peşmançılığ çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 3(046)-886/2024 saylı qərarına əsasən inzibati xəta haqqında protokolda maddi sübut kimi qeyd olunan 35 (otuz beş) manat pul vəsaiti və 72 (yetmiş iki) ədəd kartın müsadirə edilməsi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114- 117, 128-130 və 525-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 3(046)-886/2024 saylı qərarına əsasən 35 (otuz beş) manat pul vəsaiti və 72 (yetmiş iki) ədəd kartın müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar