Məhkəmə qərarları › İş №3(046)-903/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-903/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-903/2024 16.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Göyçay Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, müvafiq sorğu "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatlar Göyçay rayon polis şöbəsinə qanunla müəyyən edilmiş müddətdə, xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsinin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməklə qəbul edilmişdir. Hazırda həmin halı təsdiq edən xəbərnamənin surətini məhkəməyə təqdim edir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutları məcmu halda tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. İş materiallarında olan Göyçay rayon polis şöbəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 15:22-də idarə edən sürücü barədə Göyçay rayon polis şöbəsinin DYPB-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SX036178393AZ nömrəli xəbərnamədən görünür ki, Göyçay rayon Polis Şöbəsinin məktubu xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş poçt göndərişinin verilməsi haqqında SX036181548AZ nömrəli xəbərnamədən görünür ki, Göyçay rayon polis şöbəsinə göndərilmiş “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə, saat 15:22-də idarə edən sürücü barədə məlumatlar xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsinin dəftərxana müdiri “Əhmədova” tərəfindən imza edilərək qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin məsul şəxsi məktubu rəsmi şəkildə aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatlar Göyçay rayon polis şöbəsinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar