Məhkəmə qərarları › İş №3(046)-918/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-918/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-918/2024 27.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati xəta haqqında qərarının ləğv olunmasını və barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, BA 379602 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-MK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1828” markalı yük avtomobili onun mülkiyyətindədir. Qeyd edilən avtomobil, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki çüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobildir və icazə verilən maksimal kütlə 32000 kiloqram müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:01-də M-1 44.6 km, Sumqayıt şəhər H.Z.Tağıyev küçəsi ilə Quba şəhər istiqamətində hərəkətdə olarkən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzinin üzərindən keçərkən tərəzi texniki səhv edərək avtomobilinə icazə verilən maksimal kütlənin 26000 kq olduğunu, lakin avtomobilinin 29700 kq yük ilə hərəkət etdiyini müəyyən etmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Bakı şəhəri, 7 iyul 2009-cu il tarixli 104 nömrəli Qərarının 3-cü bəndində qeyd edilən 2 nömrəli cədvəldə aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalet asqı ilə təchiz olunmuş iki çüt təkərdən ibarət olan avtomobil üçün icazə verilən kütlə 26 ton, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki çüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillərə icazə verilmiş yük ümumi kütlə 32 ton müəyyən edilmişdir. SMS radardan edilmiş çıxarışdan da görünür ki, idarə etdiyi avtomobilin çəkisi 29700 kq olmuş, limit isə 26000 kq qeyd edilmişdir. Qeyd edir ki, BA 379602 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan **-MK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 1828” markalı yük avtomobilinə icazə verilən maksimal kütlə 32 000 kiloqramdır. Göründüyü kimi avtomobilinə icazə verilən kütlə 32000 kiloqram olduğundan limitini aşmamışdır. Bununla da onun inzibati xəta törətmədiyi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən barəsində olan xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BA seriyalı 379602 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz 1828” markalı furqon tipli **-KM-*** dövlət qeydiyyat nişanlı X5 məxsus nəqliyyat vasitəsi üçün icazə verilmiş maksimal kütlə 32000 kq olaraq müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında 28 oktyabr 2024-cü il tarixli, EQ 24400476 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Bakı şəhəri, 7 iyul 2009-cu il tarixli 104 nömrəli Qərarının 3-cü bəndində qeyd edilən 2 nömrəli cədvəldə aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalet asqı ilə təchiz olunmuş iki çüt təkərdən ibarət olan avtomobil üçün icazə verilən kütlə 26 ton, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki çüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillərə icazə verilmiş yük ümumi kütlə 32 ton müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir. X2 adına olan "Mercedes Benz 1828” markalı furqon tipli **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə rəsmi olaraq 32000 kq yük daşımağa icazə verilsə də, səlahiyyətli orqan tərəfindən həmin xüsusat nəzərə alınmamış və X5 məxsus qeyd olunan avtomobil 29700 kq yük daşımaya görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24400476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar