Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-92/2025 18.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, 02 avqust 1998-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 2(006)-3510/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu Şəxs icra qeydləri üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 18 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 2(006)-3510/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş rəsmi qaydada göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs 8400 manat aliment borcundan ödənişlər etmiş, sonuncu dəfə 2025-ci ilin yanvar ayında 500 manat ödəniş etmiş, ödənilməyən 2800 manat aliment borcu qalmışdır. İcra sənədinin icra edilməsilə bağlı borclu Şəxs istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, lakin həmin nömrəyə zəng çatmamış, onunla əlaqə saxlanılması və yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış qərarı verilmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilərək təhvil verilmişdir. İcra şöbəsində olarkən Şəxs aliment borcunun ödənilməsini bildirilmiş, lakin o borcunu ödəyə bilməməsinə səbəb olaraq heç yerdə işləyə bilməməsini göstərmişdir. Tərəflər arasında razılıq olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 440 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Əvvəl işlədiyi yerdə aylıq 700-800 manat əmək haqqı alaraq icra sənədi ilə bağlı hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər etmişdir. Son 7 ay ərzində heç yerdə iş tapıb işləyə bilməmiş, bu səbəbdən aliment borcunun ödənilməsində çətinliklər yaranmışdır. Sumqayıt şəhərində kirayədə yaşayır, Bakı şəhərində oteldə işləyərək 400 manat əmək haqqı alır və əlavə olaraq bonusları olur. Hal-hazırda borcudan 200 manat ödəniş etməyə maddi imkanı çatır. X2 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs göründüyü kimi işlədiyi dövrdə hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər etmiş, son 7 ay ərzində işsiz olduğu üçün borcundan ödəniş edə bilməmişdir. Yanvar ayında 500 manat aliment borcundan ödəniş etmişdir. Hal-hazırda rəsmi şəkildə əmək müqaviləsi üzrə işləyir. Buna görə də onun barəsində başlanmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(006)-3510/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 2(006)-3510/2023 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs aliment borcundan 500 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs aliment borcundan 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı aliment borcundan yanvar və fevral aylarında 700 manat ödəniş etmiş, 2600 manat aliment borcu qalmış, icra məmuruna həmin borcun aylıq əmək haqqısından ödənilməsini bildirmişdir. Alimentin ödənilməsində yaranmış gecikmələr Şəxs müəyyən müddət ərzində işsiz olması ilə bağlı idi, işə qəbul olunan kimi borcundan ödənişləri davamlı şəkildə ödəyir. Belə olan halda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu icra sənədi ilə bağlı aliment borcundan yanvar və fevral aylarında 700 manat ödəniş etməsi, 2600 manat aliment borcunun qalması, həmin borcu aylıq əmək haqqısından ödəyərək icra sənədini icra etməsi icra məmurunun izahatında öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3510/2023 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X7 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-92/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-92/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver