Məhkəmə qərarları › İş №3(046)-95/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-95/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-95/2024 31.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qarabağlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-534/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 135 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 31 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 534/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 135 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərar ilə eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş göndərilmişdir. Buna baxmayaraq icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən adına hər hansı daşınar və ya daşınmaz əmlak, yaşadığı mənzildə tələbin yünəldilə biləcəyi digər qiymətli əşya aşkar olunmamışdır. Borclunun rəsmi iş yeri yoxdur. Borclu Şəxs borcunu ödəmədiyinə görə tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilmiş, Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(046)-227/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM 528.1- ci maddəsi ilə təqsirli bilinərək ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Borclu Şəxs 9450 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, aliment borcunun olduğundan məlumatı vardır. Maddi imkanı olmadığı üçün tələbkar Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilməmişdir. Gələcəkdə maddi imkanı olduqda aliment borcundan hissə-hissə ödənişlər edəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ona 9450 manat aliment borcu borcu vardır. Şəxs ona olan aliment borcundan heç bir ödəniş etməmişdir. Buna görə də onun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-534/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin materiallarından görünür ki, Şəxs borcundan heç bir ödəniş etməmişdir. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatıdan görünür ki, aliment borcundan hal-hazırda ödənişlər edə bilməyəcəyini, Gələcəkdə maddi imkanı olduqda aliment borcundan hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Göyçay Rayon Məhkəməsinin 2(046)- 534/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs işləmədiyindən və qazancı olmadığından alimenti ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzürlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar