Məhkəmə qərarları › İş №3(046)-977/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-977/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-977/2024 05.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 25 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş 23 dekabr 2023-cü il tarixli, EQ 18643052 nömrəli inzibati xəta haqqında elektron qərara əsasən 50 (əlli) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328-2.-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixdə EQ 18643052 saylı qərar qəbul edilmiş, o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs cərimə məbləğini ödəmədiyindən barəsində Göyçay rayon Polis şöbəsinin DYPB-nin polis leytenantı X1 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi 529.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Şəxs İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, EQ 18643052 nömrəli qərar 20 gün sonra, yəni 12 yanvar 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta 13 aprel 2024-cü il tarixdə törədilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolu 2 gün tərtib olunaraq məhkəməyə göndərilməli olduğu halda, 7 ay 9 gün sonra, yəni 25 noyabr 2024-cü il tarixdə tərtib olunmuş, 26 noyabr 2024-cü il tarixli məktubla məhkəməyə göndərilmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti artıq xx.xx.2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar