Məhkəmə qərarları › İş №3(046)-998/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-998/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-998/2024 09.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 07 dekabr 2024-cü il tarixdə, saat 21.13 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardımın göstərilməsi üçün gətirdiyi Emin adlı dostuna vaxtında tibbi yardım göstərilməməsini bəhanə edib uca səslə narazılığıni bildirərək tibbi müəssisəsinin iş fəaliyyətini pozulmasına və xəstələrin həyacanına səbəb olan hərəkətlər edərək ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətlərini etmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola görə o, 07 dekabr 2024-cü il tarixdə saat 21.13-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında xidmət edən mühafizə polisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə Göyçay rayonunda yerləşən “Çərəkə” şadlıq sarayına toya dəvət edilmişdir. O toy məclisində iştirak edən zaman həmin məclisdə iştirak edən dostu Eminin halı pisləşmişdir. O dərhal təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gec gəldiyi üçün o Emini şəxsi avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparmaq üçün yola çıxmışdır. Avtomobili ilə Emini aparan zaman “dörd yol” adlanan ərazidə təcili tibbi yardım avtomobili ilə rastlaşmışlar. Avtomobilini saxlayaraq Emini təcili tibbi yardım avtomobilinə keçirərək rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanaya çatdıqda orada növbədə olan həkimlər olmadığından etirazını bildirmiş,ucadan həkimin gəlməsini tələb etmişdir.Həmin vaxt orada ucadan səs-küy salsada heç bir nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 şöbəsinin polis nəfəri X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21.13 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasında xidmətdə olarkən təcili tibbi yardım avtomobili ilə xəstə gətirilmişdir. Xəstənin yanında yaxınlarından 2 nəfər var idi. Onlar xəstənin vəziyyətinin pis olması ilə bağlı həkimlərin xəstəni tez müayinə etməsini tələb edirdilər. Həmin vaxt orada ucadan səs-küy salsalarda heç bir nalayiq ifadələr işlətməmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 023351 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 07 dekabr 2024-cü il tarixli 543 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifəsini icra edən polis əməkdaşının deyil, mühafizə xidmətini həyata keçirən əmlakın qorunması və mühafizə rejiminə əməl olunması vəzifəsini icra edən polis əməkdaşının tələbinə tabe olmamış,ucadan danışaraq tibb müəssisəsinin iş fəaliyyətini pozulmasına və xəstələrin həyacanına səbəb olan hərəkətlər edərək ictimai qaydanı pozmuş.bu hal isə son nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdanyüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması,inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsinin iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək,İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 75 manat cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar