Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-179/2024 02.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 və Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində yoxlama zamanı Şəxs MMC tərəfindən X6, X4 və X12 üçün icazə alınmış, lakin “ƏMAS” sistemində qüvvədə olan əmək müqavilələri olmadığı üçün İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şəxs haqqında MN ******* nömrəli, 03 iyul 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş protokolu qanuni və əsaslı hesab edərək Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin əmək müffətişi X8 Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, lakin həmin protokolda adları qeyd edilmiş şəxslər X5, X2 və X9 Şəxs MMC tərəfindən iş üçün icazələr alınsa da, həmin şəxslər Şəxs MMC-də işləmək istəmədikləri üçün sonradan onlarla müvafiq qaydada əmək müqavilələri bağlanmamışdır. Belə ki, protokolda adları qeyd edilmiş şəxslər X6, X4 və X12 Şəxs MMC-də bir gün də olsun belə işləməmişlər. Ona görə də o, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir və bildirir ki, həmin protokola əsasən Şəxs MMC müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunarsa bu həmin MMC üçün çox böyük çətinliklər törədəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” İnformasiya sistemində adları qeyd edilmiş X6, X4 və X12 ilə Şəxs MMC arasında müvafiq qaydada bağlanmış əmək müqavilələrinin olmaması, həmçinin qismən də olsa ARTE BUREAU” MMC-nin nümayəndəsi Nümayəndə izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №3(047)-179/2024
Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-179/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver