Məhkəmə qərarları › İş №3(047)-292/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-292/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-292/2025 20.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 42041/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir ki, bununla da "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru Şəxs elektron məhkəmə sistemi vasitəsi ilə etiraz göndərərək, eyni inzibati xəta üzrə təkrar icraat qanunsuz olduğundan və inzibati tərkib mövcud olmadığından, İnzibati Xətalar Məcəlləsinin 53 və 134-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 14 aqvust 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarından şikayət vermiş, qeyd edilən şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-495/2025 saylı qərarına əsasən vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(047)-292/2025 saylı qərarının həmin şikayətə münasibətdə ləğv edilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün inzibati xəta haqqında iş üzrə icraat materiallarının Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və qeyd edilən inzibati iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Material üzrə işin məhkəmə baxışı 20 noyabr 2025-ci il tarixə, saat 12:30-a təyin edilməklə, bu barədə məlumat tərəflərə vaxtında bildirilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs bu əməldə təqsiri inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərar, "xxxx" MMC-nə və Şəxs ünvanlanmış həmin hüquqi şəxsin nümayəndəsi və eyni zamanda Şəxs tərəfindən qəbul edilmiş məktublar, müvafiq poçt izlənməsi barədə məlumatlar, inzibati xəta haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3000 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş, həmin qərar qanuni qüvvəsini almış və sonradan qeyd edilən qərar icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə "xxxx" MMC-nə və Şəxs ünvanlanmış, qeyd edilən məktub həmin hüquqi şəxsin nümayəndəsi və eyni zamanda Şəxs tərəfindən qəbul edilmiş, lakin qeyd edilən cərimə məbləği ödənilmədiyindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra məhkəmə araşdırmaları zamanı həqiqətən də "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və yuxarıda adları sadalanan digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin hal-hazırda "xxxx" MMC-nin direktoru Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş dörd aylıq müddət ötürülmüşdür. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi səbəbi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 48- 53, 105, 106, 110, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddətinin keçməsi səbəbi ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar