Məhkəmə qərarları › İş №3(047)-385/2025

Laçın Rayon Məhkəməsi Qərar — İş №3(047)-385/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 3(047)-385/2025 16.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs MMC “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş həyata keçirilməli olan 2023-cü il üzrə maliyyə hesabatlarını 2024-cü ildə audit etdirməmişdir ki, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Material üzrə işin məhkəmə baxışı 16 oktyabr 2025-ci il tarixə saat 17:00-a təyin edilməklə, bu barədə məlumat tərəflərə vaxtında bildirilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və nə də işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Bu halda işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin bu əməldə təqsiri inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmçinin, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit, məcburi, digər hallarda isə könüllüdür. Göründüyü kimi Şəxs MMC tərəfindən 2023-cü il üçün maliyyə hesabatlarının məcburi auditi həyata keçirilməli olmasına baxmayaraq “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada Şəxs MMC tərəfindən 2023-cü il üzrə həyata keçirilməli olan maliyyə hesabatlarının məcburi auditindən yayınma hadisəsi baş vermişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar