Məhkəmə qərarları › İş №3(048)-103/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-103/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-103/2025 03.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nuralan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 aprel 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Lerik şəhəri, Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2025-ci il tarixdə, saat 11:15 radələrində Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X5 RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Maqsud Abbasovla birgə “Kia Sportage” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmət apararkən Lerik rayonu, Nizami küçəsində “Vaz 21214” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları aşağı olduğuna görə saxla işarəsi verilmişdir. Sürücü avtomobili saxlamış, sərnişin qismində əyləşən şəxs avtomobildən enərək onlara tərəf gəlmiş və aqressiv formada “Bizi niyə saxlamısan” deyə bildirmişdir. Polis əməkdaşları həmin şəxsə saxlamaqlarının səbəbini söyləmək istəsələr də, həmin şəxs YPX əməkdaşını dinləməyərək “ayağımı sənin başına vuraram” deyərək onu təhqir etməyə başlamış və sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah etməyə imkan verməmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonra onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirərək Lerik RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Lənkəran rayonu, Xolmili kənd sakini Şəxs olduğu müəyyən edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək, ilk dəfə inzibati xəta törətməsini və hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 11:15 radələrində Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Maqsud Abbasovla birgə “Kia Sportage” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmət apararkən Lerik rayonu, Nizami küçəsində “Vaz 21214” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları aşağı olduğuna görə saxla işarəsi verilmişdir. Sürücü avtomobili saxlamış, sərnişin qismində əyləşən şəxs avtomobildən enərək onlara tərəf gəlmiş və aqressiv formada “Bizi niyə saxlamısan” deyə bildirmişdir. Onlar həmin şəxsə saxlamaqlarının səbəbini söyləmək istəsələr də, həmin şəxs onları dinləməyərək “ayağımı sənin başına vuraram” deyərək onları təhqir etməyə başlamış və sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah etməyə imkan verməmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonra onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirərək Lerik RPŞ-yə gətirmişlər. RPŞ-də həmin şəxsin Lənkəran rayonu, Xolmili kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin İTB-nin rəisi, polis polkovnik-leytenantı Emil Aslanov, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Sahib Əliyev, Lerik RPŞ-nin İTB nin polis sahə rəisi, polis leytenantı Təhmin Həsənzadə, Lerik RPŞ-nin İTB-nin polis sahə nəfəri polis baş serjantı Kənan Abdullayev və barəsində inzibati icraat aparılan Lənkəran rayonu, Xolmilli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs barəsində tərtib olunmuş raportla bağlı izahat almaq istəyən zaman, həmin şəxs əsəblərinə hakim ola bilmədiyi üçün əynində olan idman gödəkçəsinin zəncirbəndi ilə özünə xəsarət yetirmiş, xidməti otaqda olan 1 (bir) ədəd qara rəngli oturacağı yararsız vəziyyətə salaraq onların iş rejimini pozmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Lerik şəhəri, Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 200 (iki yüz) manat cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar