Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-104/2025 07.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs - Lerik RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Lerik rayonu, Veri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 aprel 2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:59 radələrində Lerik rayonunda “Vaz 21214” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan hallara yol vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Lerik RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol videogörüntüyə əsasən tərtib olunmuşdur. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:59 radələrində Lerik rayonunda “Vaz 21214” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən sürüşmə hərəkətlərinə yol verdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hadisə 2-3 ay bundan əvvəl olmuşdur. Belə ki, onun yaşadığı Lerik rayonu, Veri kəndi dağlıq ərazi olduğundan qar çox yağmış, yollar bağlanmışdır. Traktor yolu açmış və o, idarə etdiyi “Vaz 21214” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomaşınla gündüz vaxtı kənddən rayona gəlmiş, axşam rayona evə qayıdan zaman yollar buz bağlamışdır. Yollar buz bağladığından o, idarə etdiyi avtomaşınla yolda qalmış, çıxa bilməmiş, bu zaman avtomaşını arxaya buraxmış, bellə yolu təmizləmişlər, daha sonra çoxda böyük olmayan sürətlə həmin yolu çıxmaq məcburiyyətində qalmışdır. Həmin hadisəni də kənddə yaşayan bir nəfər maraq üçün videoya çəkərək “tik-tok” sosial şəbəkəsinə qoymuşdur. Həmin videogörüntüdən də görünür ki, o həmin vaxt heç bir avtoxuliqanlıq hərəkətlərinə yol verməmişdir. Sonda qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq, iş materialına əlavə olunmuş DVD diskə baxaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan videgörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı avtomobil yolunun qarlı və buzlu olduğu, yolun kənarında olan şəxin əlində bel (kürək) olduğu, Şəxs da idarə etdiyi “Vaz 21214” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yoldan keçərək getdiyi, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin dispozisiyasında qeyd edilən halların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxsnın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 48-51, 105.1, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-104/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-104/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver