Məhkəmə qərarları › İş №3(048)-119/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-119/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-119/2025 29.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla Lerik şəhəri, Əsədullayev küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində Lerik şəhəri ərazisində Lerik şəhər sakini Tahir və ondan əlavə tanımadığı 3 nəfər şəxs onu döyərək müxtəlif bədən xəsarətləri yetirməsini bildirmişdir. Daxil olmuş məlumatlar əsasında Lerik RPŞ-nin İQ-nun müstəntiqi, polis baş leytenantı X3 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 12 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Lerik şəhəri, N.Nərimanov küçəsində Lerik şəhər sakini Zərərçəkmiş şəxs ilə tanışı Şəxs arasında şəxsi münasibətlər zəmnində narazılıqları yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə döyərək sonuncuya sol əl nahiyəsində sıyrıqla nəticələnən dərəcəsi təyin olunmayan xəsarət yetirərək döymüşdür. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs hazırda Şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin İQ-nun müstəntiqi, polis baş leytenantı X3 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lənkəran rayonlararası MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 15 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol əl nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 12-13 gün əvvələ uyğun gəlir və dərəcəsində sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 12 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Lerik şəhəri, N.Nərimanov küçəsində Lerik şəhər sakini Zərərçəkmiş şəxs ilə tanışı Şəxs arasında şəxsi münasibətlər zəmnində narazılıqları yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə döyərək sonuncuya sol əl nahiyəsində sıyrıqla nəticələnən dərəcəsi təyin olunmayan xəsarət yetirərək döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və ona dəyən ziyan Şəxs tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar