Məhkəmə qərarları › İş №3(048)-141/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-141/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-141/2025 27.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Lerik rayonu, Züvüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lerik rayonu, Züvüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Çeşman kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Lerik rayonunun Züvüc kənd sakini Eşqin adlı şəxs cırmaqla onun boynunun sol nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Lerik rayonunun Çeşman kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30- da Lerik rayonunun Züvüc kəndindəki örüş sahəsində Zərərçəkmiş şəxs onun boynundan yapışaraq sıxmış, daha sonra ağac parçası ilə kürək, yan, sağ diz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumatlar əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 13 mart 2025-ci il tarixdə, saat 15:30-da Lerik rayonunun Çeşman kənd sakini Zərərçəkmiş şəxs ilə Lerik rayonunun Züvüc kənd sakini Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəmistan Eşqinin əlində olan ağac parçasını alıb onun ayağına 2-3 dəfə vuraraq ona xəsarət yetirmiş, Eşqin isə Şəmistanın boyun nahiyəsinə cırmaqla xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs hazırda Şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lənkəran rayonlarası MTE və PA şöbəsinin 14 mart 2025-ci il tarixli, 18 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 13 mart 2025-ciu il tarixdə, saat 15:30-da Lerik rayonunun Çeşman kənd sakini Zərərçəkmiş şəxs ilə Lerik rayonunun Züvüc kənd sakini Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəmistan Eşqinin əlində olan ağac parçasını alıb onun ayağına 2-3 dəfə vuraraq ona xəsarət yetirmiş, Eşqin isə Şəmistanın boyun nahiyəsinə cırmaqla dərəcəsi təyin olunmayan xəsarət yetirərək döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və ona dəyən ziyan Şəxs tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar