Məhkəmə qərarları › İş №3(048)-150/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-150/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-150/2025 05.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonu Bırkandul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayonu Bırkandul kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 05 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-209/2023 nömrəli icra sənədinə əsasən 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd tozsoran, 1 ədəd ət doğrayan maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd çılçıraq, 2 ədəd xalça, 2 ədəd pərdə, 2 ədəd stol üstü, 3 dəst taxt üçün pastel, 1 ədəd təkli pastel, çay dəsmalları, 2 ədəd tük yastıq, 2 ədəd sintifon yastıq, əl dəsmalları, süfrələr, taxt üstü, 1 ədəd qab düzən, qiyməti 3000 manat olan bir dəst qızıl komplekt – sırğa, üzük, sep, kulon, qiyməti 500 manat olan 1 ədəd nişan üzüyü, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyəri cavabdehlər Şəxs və X1 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədinin Şəxs aid hissəsi Lerik rayon İcra şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, hər hansı gəliri müəyyən edilməmişdir. Lənkəran rayon İcra şöbəsinin icraatında olan icra sənədinin X2 aid hissəsi yəni cehiz əmlaklarının tələbkara qaytarılması hissəsi icra olunmuş, icra sənədinin Şəxs aid hissəsi yəni qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi hissəsi icra olunmamışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borclu Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu şəxs Şəxs icra sənədi üzrə cəmi 200 manat ödəniş etmiş, hazırda ödənilməyən 3300 manat məbləğində borcu vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tələbkara olan borc məbləğindən səhhətindəki problemə görə işləmədiyindən maddi imkanı olmadığına görə ödəniş edə bilmədiyini, hazırda işlədiyindən bundan sonra aylıq 50-100 manat arası ödəniş edə biləcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-209/2023 nömrəli icra sənədinə əsasən 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd tozsoran, 1 ədəd ət doğrayan maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd çılçıraq, 2 ədəd xalça, 2 ədəd pərdə, 2 ədəd stol üstü, 3 dəst taxt üçün pastel, 1 ədəd təkli pastel, çay dəsmalları, 2 ədəd tük yastıq, 2 ədəd sintifon yastıq, əl dəsmalları, süfrələr, taxt üstü, 1 ədəd qab düzən, qiyməti 3000 manat olan bir dəst qızıl komplekt – sırğa, üzük, sep, kulon, qiyməti 500 manat olan 1 ədəd nişan üzüyü, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyəri cavabdehlər Şəxs və X1 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmiş (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-144/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-209/2023 nömrəli icra sənədinə əsasən Şəxs və X1 1 ədəd televizor, 1 ədəd DVD, 1 ədəd tozsoran, 1 ədəd ət doğrayan maşın, 1 ədəd paltar ütüsü, 1 ədəd çılçıraq, 2 ədəd xalça, 2 ədəd pərdələr, 2 ədəd stol üstü, 3 dəst taxt üçün pastel. 1 ədəd təkli pastel, çay dəsmalları, 2 ədəd tük yastıq, 2 ədəd sintifon yastıq, əl dəsmalları - qətifə, süfrələr, taxt üstü, 1 ədəd qab düzən(lak)ın, qiyməti 3000 manat olan bir dəst qızıl komplekt - sırğa-üzük və sep kulon, qiyməti 500 manat olan 1 ədəd nişan üzüyü, həmin əmlaklar mövcud olmadıqda isə onların hər birinin dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu şəxs tərəfindən borc məbləğindən cəmi 200 manat ödəniş olunsa da, hazırda icra sənədi üzrə ödənilməyən 3300 manat borcu vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs Lerik Rayon Məhkəməsinin 3(048)-144/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsin əvvəli 05 iyun 2025-ci il tarixdən, saat 13:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən, saat 13:45-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar