Məhkəmə qərarları › İş №3(048)-151/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-151/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-151/2024 12.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Müqabil oğlunun, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X3 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Lerik rayonu, Vistən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Lerik rayonu, Vistən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Müqabil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Müqabil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(002)-1646/2017 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs Müqabil oğlundan xx.xx.2016-cı il tarixdən başlayaraq 12 sentyabr 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(002)-2424/2019 nömrəli icra sənədinə əsasən 12 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-1646/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs Müqabil oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(002)- 2219/2023 nömrəli icra sənədinə əsasən isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2424/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Müqabil oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədləri şöbənin icraatına daxil olmuş, müvafiq qərarlarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüşdür. Aliment məbləği müəyyən olunan tarixdən borclu şəxsin cinayət məsuliyyətinə cəlb olunduğu 17 may 2023-cü il tarixdək aliment borcundan borclu şəxs tərəfindən heç bir ödəniş olunmamış, borclu şəxs 17 may 2023-cü il tarixdə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra cəzaçəkmə müəssisəsində işləyərək 1456 manat məbləğində aliment borcundan ödəniş etmiş, cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra isə heç bir ödəniş etməmişdir. Hazırda borclu Şəxs Müqabil oğlunun hər üç icra sənədi üzrə ümumilikdə ödənilməyən 12540 (on iki min beş yüz qırx) manat aliment borcu vardır. Tələbkar isə aliment borcunun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müqabil oğlu izahatında cavabdehə alimentin qarşılığında 2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ev verdiyini, lakin bununla bağlı hər hansı bir yazılı sənədinin olmadığını, 2023-cü il tarixində İcra şöbəsinə dəvət olunanda tələbkara aliment borcunun olduğunu bildiyini, cəza çəkdiyi müddətdə aliment borcundan ödənişlər etdiyini, cəza çəkib qurtardıqdan sonra isə xəstəxanada müalicə aldığını, hazırda isə bir şirkətə işlə bağlı müraciət etdiyini, lakin hələ təsdiqi gözlədiyini, işə qəbul olunduqdan sonra maaşının 70 faizinin aliment borcuna tutulmasına etiraz etmədiyini, hazırda isə aliment borcundan hər hansı bir məbləğdə ödəniş etməyə imkanının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Müqabil oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(002)-1646/2017 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs Müqabil oğlundan xx.xx.2016-cı il tarixdən başlayaraq 12 sentyabr 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019cu il tarixli, 2(002)-2424/2019 nömrəli icra sənədindən görünür ki, 12 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-1646/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs Müqabil oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(002)-2219/2023 nömrəli icra sənədindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2424/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Müqabil oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədiləri icraata daxil olmuş, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(048)- 27/203 nömrəli hökmündən görünür ki, Şəxs Müqabil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 19 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs Müqabil oğlunun hansı ünvanda yaşaması məlum olmadığından barəsində axtarış elan edilmişdir. Məhkəmə qeyd edir ki, borclu izahatında “cavabdehə alimentin qarşılığında 2017-ci il tarixdə ev verməsini və hazırda isə işlə bağlı şirkətə müraciət etməsini” bildirsə də, göstərdiyi hallara dair hər hansı təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, Şəxs Müqabil oğlu qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs Müqabil oğlunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Müqabil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs Müqabil oğlunun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs Müqabil oğlunun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən aliment borcunu heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs Müqabil oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 12 iyul 2024-cü il tarixdən, saat 14:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Müqabil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən, saat 14:45-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar