Məhkəmə qərarları › İş №3(048)-151/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-151/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-151/2025 03.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikasının İXM-nin 329.3 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 məhkəməyə şikayət verərək Lerik rayon Yol Partul Xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində qəbul etdiyi TP ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati protokol tərtib olunaraq, protokolda göstərilmişdir ki, istifadəsində olan **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmasına və nəqliyyat vasitəsinin normativ tələbləri pozması əsas götürülərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələri ilə təsir tədbirləri görülmüşdür. Onun barəsində hər iki maddə ilə təsir tədbirləri görülmüş, amma hansı maddə ilə ona cəza təyin etməsi qəbul etdiyi qərarında göstərməmişdir. Bundan əlavə, vəzifəli şəxs hansı maddə ilə hansı cəza verməsini qərarında bunu göstərməmiş və əsaslandırmamışdır. Halbuki, vəzifəli şəxs qəbul etdiyi qərarda bunu göstərməli və cəzaları toplamaqla üzərində qəti cəza təyin etməli idi. Bundan əlavə, vəzifəli şəxs qərarında onun işıq cihazlarının istifadə qaydalarını pozmasını göstərir. Ancaq bununla bağlı polis işçisi heç bir video görüntü təqdim etmir. Yalnız formal mülahizələr irəli sürməklə barəsində əsassız bir qərar qəbul etmişdir. Bundan başqa, polis işçisi qərarda qeyd edir ki, avtomaşın normativ tələblər pozulmaqla tərəfindən idarə olunmuş və avtomobilə qanunun tələblərinə zidd olaraq avadanlıqlar quraşdırılmışdır. Halbuki, polis işçisi tərəfindən qərar qəbul edilənədək avtomaşın texniki baxışdan keçmiş və bununla bağlı elektron talon verilmişdir. Bununla bağlı avtomaşının sənədləri ilə əlaqədar rayon prokurorluğu tərəfindən araşdırmalar aparılmış və müvafiq qərar qəbul olunmuş və avtomaşının tərəfindən idarə olunmaması ilə əlaqədar heç bir tapşırıq verilməmişdir. Bundan əlavə, polis işçisi qərar qəbul edərkən tərəfindən təqdim olunmuş sübutlara qiymət verməmiş, sübutlar hərtərəfli formada araşdırılmamış, onun hüquq və vəzifələri izah edilməmiş, bununla bağlı ona heç bir bildiriş verilməmişdir. O, heç bir hüquq pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, 27 dekabr 2024-cü il tarixdə Amil Qurbanovla xidməti vəzifəsini yerinə yetirərkən Lerik rayonu, Piran kəndi ərazisində ** BR *** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Bundan sonra təlimata uyğun olaraq özünü təqdim etdikdən sonra törədilmiş inzibati xətanı izah edərkən avtomobildə ressorun çox olmasını görmüşdür. Bu səbəbdən sürücünün avtomobili “Socar” yanacaq doldurma məntəqəsinin qabağına aparmasını xahiş etmiş, orada avtomobilin altına baxış keçirərkən müəyyən etmişdir ki, avtomobildə 7 ədəd ressor olmalı olduğu halda 11 ədəd ressor vardır. Bununla bağlı avtomobilin sahibi Mirfamil Feyziyevə məlumat vermiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrinə əsasən qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Lənkəran-Lerik yolunun 20-ci km-də “Qaz 330202” yük markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa və nəqliyyat vasitəsində normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan elektron talondan görünür ki, “Qaz 330202” yük markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçmiş, avtomaşının texniki baxışa təqdim olunma müddəti başlanğıc xx.xx.2025-ci il, son xx.xx.2026-cı il qeyd olunmuşdur. İş materiallarında olan Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən məhkəməyə təqdim edilmiş DVD-R diskə keçirilmiş baxışdan görünür ki, yol patrul xidmətinin inspektoru Qaz 330202” yük markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin altına baxış keçirir və baxış zamanı yük avtomobilinin 7 ədəd ressoru olmalı olduğu halda avtomobildə 11 ədəd ressor olduğunu və standartlara cavab vermədiyini bildirir. Sürücü avtomobilin həmin gün texniki baxışdan keçdiyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lerik rayonu Yol Patrul Xidməti inspektoru 27 dekabr 2024-cü il tarixdə Lerik rayonu, Piran kəndi ərazisində ** BR *** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobili saxlamış, avtomobilin altına baxış keçirilən zaman avtomobildə 7 ədəd ressor olmalı olduğu halda 11 ədəd ressorun olduğu və beləliklə də, avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə, X1 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X1 Azərbaycan Respublikası İXM-nin 329.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, avtomobildə ressor sayının artırılması avtomobilin asqı sistemində dəyişiklik hesab olunur və bu da konstruksiya dəyişikliyidir. Belə ki, avtomobilin əsas hissələrində (asqı, sükan, mühərrik, şassi və s.) edilən dəyişiklik konstruksiya dəyişikliyi sayılır. Ressorların sayının artırılması avtomobilin fabrikin təyin etdiyi texniki xüsusiyyətlərinə müdaxilə hesab olunur, ressorların yükdaşıma qabiliyyətini, yol tutumunu hündürlüyü və amortizasiya xüsusiyyətlərini dəyişir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X2 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar