Məhkəmə qərarları › İş №3(048)-156/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-156/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-156/2025 01.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28168564 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş X7 İdarəsinin onun ** ER *** dövlət nömrə nişanlı “Mersedes Benz” markalı avtomobilinə tərtib etdikləri EQ 28168564 saylı, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın tamamilə ləğv edilməsi barəsində əməlində inzibati xəta hadisəsi olmağına görə inzibati xəta haqqında başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində leytenant kimi müqavilə əsasında hərbi xidmət edir. O, Bakı şəhərinə gedərkən Bakı-Qazax yolunun 329.1-ci kilometrliyində xx.xx.2025-ci il tarixdə 70 km-dən dən az sürətdə hərəkət edərkən ona təxminən 30-40 dəqiqə sonra 200 manat cərimə olunmasına dair bildiriş gəlmişdir. Həmin bildirişdən görsənir ki, guya onun getdiyi sürət saatda 113 km olmuşdur. Əslində isə o, onun sürəti deyil, onun yanından ötüb keçən təcili tibbi yardım avtomobilinin sürəti olmuşdur. Yəni təcili tibb yardım avtomobili xəstə apardığına görə sürətlə onun yanından keçmiş və həmin anda hər ikisi radara düşməli olduğu halda yalnız o, radara düşmüş və təcili tibbi yardım avtomobilinin aşdığı sürət həddi isə onun avtomobilinin üzərinə yazılmışdır. Ona göndərilən elektron protokoldan və eyni zamanda həmin protokola əlavə edilmiş video görüntüdən də görünür ki, həqiqətən onun sürəti çox aşağı olmuşdur və yanından sürətlə yəni sürət radarının yanından təcili tibbi yardım avtomobili keçmişdir. Video görüntüdə açıq aşkar şəkildə görünür ki, sürət həddini aşan təcili yardım avtomobilidir və onun sürəti düzgün ölçülməmişdir. O, hesab edir ki, protokoldan şikayətə əlavə etdiyi video görüntü yenidən araşdırılacaq və sürət həddini aşıb aşmamağına düzgün hüquqi qiymət veriləcək və 26 may 2025-ci il tarixli EQ 28168564 saylı sürət həddini aşmağa dair protokol tamamilə ləğv ediləcək və ona münasibətdə cərimə silinəcəkdir. O, hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur və inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməli və inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş X1 məhkəməyə teleqramla müraciət edərək Lerik rayonu Züvüç kəndində qeydiyyatda olduğunu, hal-hazırda Hadrut qəsəbəsində xidməti zərurətlə əlaqədar zabit vəzifəsində xidmət etdiyini, xidməti zərurətlə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini, işə onsuz baxılmasını və 26 may 2025-ci il tarixli protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə verilmiş BD 337252 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2024-cü il tarixdə verilmiş BC140265 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur və onun həmin avtomobili idarəetmə hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən EQ 28168564 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərarın surətindən görünür ki, X4 idarə etdiyi “Mercedes Benz” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun 329.1-ci km-də yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 3 bal və 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Təqdim olunmuş videogörüntüyə keçirilmiş baxış zamanı X2 “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə çoxzolaqlı yolda hərəkət etdiyi, təcili tibbi yardım avtomobilinin sürətlə ötmə manevri edərək “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçməsi müşahidə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X4 barəsində EQ 28168564 saylı, xx.xx.2025-ci il tarixli qərarın qəbuluna əsas olan hal idarə etdiyi avtomobillə Bakı-Qazax yolunun 329.1-ci km-də yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşması olmuşdur. Təqdim olunmuş videogörüntüdən də göründüyü kimi X2 “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi, təcili tibbi yardım avtomobilinin sürətlə ötmə manevri edərək “Mercedes Benz” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçməsi halı müşahidə olunmuş və beləliklə də, çoxzolaqlı yolda iki maşın yanaşı getdiyindən xüsusi texniki vasitənin hədəfi səhv seçərək sürət pozuntusu barədə inzibati xətanın digər maşına yazılmasına əsas olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, qəbul edilmiş qərar əsassız olmaqla ləğv edilməli və icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayəti təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28168564 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28168564 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar