Məhkəmə qərarları › İş №3(048)-158/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-158/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-158/2024 26.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 26 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-163/2023 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. “Elektron icra” X1 Qabil Muqabil oğlunun barəsində müvafiq sorğular edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və borclu şəxs Lerik rayon Polis şöbəsi tərəfindən axtarışla icra şöbəsinə gətirilmişdir. Borclu şəxs tərəfindən aliment borcundan ödəniş olunmadığından icra şöbəsində borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi inzibati protokol tərtib olunmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu şəxs tərəfindən aliment borcundan 300 manat ödəniş olunmuşdur. Lakin bundan müəyyən müddət keçdikdən sonra borclu şəxs onun telefonlarına cavab verməmiş, tələbkara olan aliment borcundan ödənişlər etməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə borclu şəxs barəsində yenidən axtarış elan edilmiş və hazırda borclu şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim olunmuş, şöbədə borclu şəxsin izahatı alınmış və izahatında maddi imkanı olmadığından aliment borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda borclu şəxs Şəxs icra sənədi üzrə ödənilməyən 7806 manat məbləğində aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tələbkarla boşandıqdan sonra aliment məbləğindən tələbkara əlbəəl ödəniş etdiyini, lakin ödənişi təsdiq edən hər hansı bir sənədinin olmadığını, hazırda heç bir yerdə işləmədiyindən aliment borcundan hər hansı bir məbləğdə ödəniş etməyə imkanının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-163/2023 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-163/2023 saylı icra sənədi üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs tapmaq mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(048)- 43/2023 nömrəli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(048)- 65/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-163/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. İcra sənədi borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(048)-65/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Şəxs icra sənədi üzrə aliment məbləğindən müəyyən məbləğdə ödəniş etsə də, sonradan borclu şəxs tərəfindən aliment borcudan ödənişlər olunmadığından və onu tapmaq mümkün olmadığından barəsində axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim olunmuşdur. Hazırda borclu heç bir yerdə işləmədiyindən aliment borcundan hər hansı bir məbləğdə ödəniş etməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının təmin edilməməsinə dair rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi və icra məmurunun çağırışlarına gəlməməsi, eləcə də Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(048)-65/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsin əvvəli 26 iyul 2024-cü il tarixdən, saat 13:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 iyul 2024-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar