Məhkəmə qərarları › İş №3(048)-159/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-159/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-159/2025 13.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lerik rayonu, Bibiyani kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lerik rayonu, Bibiyani kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon sakini X9 19 may 2025-ci il tarixdə, saat 22:33-də Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə telefon məlumatı verərək, keçmiş həyat yoldaşı Nübarın həyat yoldaşı Abid ilə ünvana yaxınlaşıb uşaqları görmək istəmələri və bacısı Nuranəni döyməsini bildirmişdir. Muraciət əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X6 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 19 may 2025-ci il tarixdə Şəxs Zahirəli qızı ilə Zərərçəkmiş şəxs arasında ailə məişət zəmnində narazılıqları yaranmış və mübahisə etmişlər, mübahisə zamanı Salayeva X3 Nuranə İdrət qızını itələyib divara çırparaq sonuncunun bədəni üzərində-sol bazu nahiyələrində qançırla nəticələnən bədən xəsarəti yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 2013-cü ildə Lerik şəhər sakini X9 ilə qeyrirəsmi ailə həyatı qurmuş, həmin nikahdan iki aşyaşlı övladı - 2015-ci il təvəllüdlü X8 və 2017-ci il təvəlldlü X13 dünyaya gəlmişdir. 2024-cü ilin may ayında həyat yoldaşı X9 ilə aralarında olan mübahisədən sonra ayrılmışlar və övladları ilə birlikdə Bakı şəhərində yaşamışdır. 2025- ci ilin yanvar ayının 12-də işdə olduğu zaman Fəqan Nəzərov onun kirayə yaşadığı Xəzər rayonu Binə qəsəbəsindəki evdən uşaqlarını götürüb Lerik rayonuna anasının evinə gətirmişdir. X9 ona iki azyaşlı övladı ilə telefonla danışmağa və görüşməsinə şərait yaratmadığı üçün iki azyaşlı övladı ilə görüşmək üçün 18 may 2025-ci il tarixində, saat 19:00 radələrində X7 anası Lerik şəhəri, Ərdəbil küçəsi ev 13-də yaşayan Ayna Mövlanovanın evinə gəlmiş, bu zaman keçmiş baldızı Zərərçəkmiş şəxs ona “get məhkəmənin qərarın gətir uşaqları apar yoxsa sənə uşaq vermərik” dedikdən sonra uşaqlar bunu görüb ağlamış, keçmiş baldızı onu söyüb təhqir etmiş, o Zərərçəkmiş şəxs kənara itələyib övladlarını qucaqlamış və gəldiyi maşına oturub getmişdir. Ora gedəndə o, tək olmuş, Zərərçəkmiş şəxs şillə-təpiklə vurmamış, onu divara çırpmamış, ona xəsarət yetirməmiş, qarşısına çıxdığı üçün Nuranəni kənara çəkib övladları ilə görüşmüşdür. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qardaşı X1 həyat yoldaşı Şəxs Zahirəli qızı 2025-ci ilin yanvar ayının 11-də 2 azyaşlı övladını 2015-ci il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X10 ataraq yenidən ailə həyatı qurmaq üçün evdən çıxıb getdiyindən uşaqlara o və anası Ayna Mövlanova baxır. 18 may 2025-ci il tarixində, saat 19:00 radələrində qardaşı X1 həyat yoldaşı Şəxs Zahirəli qızı və 2025-ci ilin yanvar ayında yenidən evləndiyi həyat yoldaşı Abid Abbasovla anasına məxsus evə gəlib və uşaqlarını aparmaq istədiyini bidirmiş, o isə Nübara “get məhkəmənin qərarını gətir uşaqları apar yoxsa sənə uşaq vermərəm” demiş, bundan sonra Şəxs onun üstünə hücum çəkmiş, onu şillə-təpiklə vuraraq divara çırmışdır. Hazırda şikayətçi olduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışığın olmadığını nəzərə alaraq, ona ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 35 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ gələ bilərdi, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar