Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-160/2024 21.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, 1994-cü ildən etibarən Lerik rayonu, Hamarmeşə kəndində yerləşən hal-hazırda tikilən təzə tikilinin həyətində olan köhnə evdə yaşayır. Həmin torpaq sahəsi Lerik rayonu, Hamarmeşə kənd sakini olmuş qaynatası X8 adına qeydiyyata alınmışdır. Belə ki, qeyd edilən torpaq sahəsində olan köhnə tikili zəlzələ və yağış suları nəticəsində yaşamaq üçün yararsız hala gəldiyindən o, qanatasının adına olan torpaq sahəsinin daxilində 2011-2012-ci ildə yaşamaq üçün yeni tikilinin fundamentini qoymuş və sonradan həmin tikilini tikmişdir. Şikayət əsasında 1 saylı X11 Mərkəzinin əməkdaşları 28 iyun 2024-cü il tarixdə torpaq sahəsinə baxış keçirmiş və meşə fondu torpağının münbit qatının korlanması əsası ilə akt tərtib etmişlər, həmin akt əsasında onun barəsində protokol tərtib edilmiş, protokol əsasında da qərar qəbul edilərək cərimə olunmuşdur. O, qərarı əsasız hesab edir və bildirir ki, yeni tikilini qanatasının adına olan torpaq sahəsinin daxilində əvvəlki evi yararsız halda olduğu üçün tikmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 1 saylı X11 Mərkəzinin nümayəndəsi X12 izahatında göstərmişdir ki, Lerik rayonu üzrə Vizəzəmin Meşəbəyliyinin 23 saylı Meşə dolayının X16 torpağında tikinti işlərinin aparılması ilə bağlı 1 saylı X11 Mərkəzinə məlumat daxil olmuş, məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı vurulan koordinatlardan məlum olmuşdur ki, tikinti aparılan Hamarmeşə kəndi ərazisi meşə fondu torpağı olmaqla X7 tərəfindən heç bir əsas olmadan meşə fondu torpağının münbit qatı korlanaraq tikinti işləri aparılmışdır. Bu səbəbdən akt tərtib olunmuş, daha sonra akt əsasında vətəndaş X7 barəsində protokol tərtib edilmiş, protokol əsasında da qərar qəbul edilərək cərimə olunmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X11 Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 iyun 2024-cü il tarixli, 002893 nömrəli aktdan görünür ki, X16 torpağında tiktinti işlərinin aparılması ildə bağlı mərkəzə daxil olmuş telefon zəngi yerində araşdırılmış, araşdırma zamanı həqiqətən sözügedən ərazidə tikinti işlərinin aparılması müəyyən olunmuş, tikintinin sahibi X7 dəvət olunmuş, o izahat verərək 1994-cü ildən etibarən hal-hazırda tikilən təzə tikilinin həyətində olan köhnə evdə yaşadığını, həmin ərazinin Lerik rayonu, Hamarmeşə kənd sakini olmuş qaynatası X8 adına qeydiyyata alındığını, bununla bağlı arayışın olduğunu bildirmişdir. Vurulan koordinatlardan məlum olmuşdur ki, ərazi X16 torpağı olmaqla Mərkəzin Lerik rayonu üzrə Vizəzəmin Meşəbəyliyinin 23 saylı Meşə dolayının 18-ci kvartalının 10-cu bölməsinə aiddir. X7 əlində heç bir əsas olmadan sözügedən ərazidə Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsinə əsasən 92 kv.m. ərazidə torpağın münbit qatını korlayaraq 8x10 sxemində əsaslı tikinti olan yaşayış evi və 3x4 sxemində 7 mişar daşı hündürlüyündə bir bütöv çıxıntı tikmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X11 X3 baş meşəbəyi, direktor müavini E.Fətullayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lerik rayonu, Hamarmeşə kəndinin sakini X7 tərəfindən X16 torpağının zəbt edilərək münbit qatının korlanması faktı ilə bağlı X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi C.Hüseynov tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Lerik rayonu üzrə Vizəzəmin Meşəbəyliyinin 23 saylı Meşə dolayında X16 torpağını zəbt edərək torpağın münbit qatını korladığından Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Lerik Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-32/2-19/2024 nömrəli arxiv arayışından görünür ki, Vizəzəmin ərazisinin 30-cu km. kəndinə aid 1991-1996-cı illərin 13 saylı Təsərrüfatbaşına kitabın 504 saylı şəxsi hesabında 30-cu km kənd sakini X8 adında 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu barədə qeydiyyat mövcuddur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması ilə bağlı İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Məhkəmə qeyd edir ki, D.Şabanovanın İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə işdə olan sənədlər və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, həmin torpaq sahəsi Lerik rayonu, Hamarmeşə kənd sakini olmuş D.Şabanovanın qaynatası X8 adına qeydiyyata alınmış, X7 1994-cü ildən etibarən halhazırda tikilən təzə tikilinin həyətində olan köhnə evdə yaşamış, qeyd edilən torpaq sahəsində olan köhnə tikili yaşamaq üçün yararsız hala gəldiyindən D.Şabanova qaynatasının adına olan torpaq sahəsinin daxilində yaşamaq üçün yeni tikilinin fundamentini qoymuş və sonradan həmin tikilini tikmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Lerik Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-32/2- 19/2024 nömrəli arxiv arayışı ilə, eləcə də işdə olan fotoşəkillərlə də təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, 28 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən, həmçinin 23 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında işə baxılarkən X4 iştirakı təmin edilməmiş, bununla da onun istinad olunan İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsini sübut etmək imkanı tam mənada məhdudlaşdırılmışdır. Müvafiq sübutlar olmadan X7 torpaqların münbit qatını korlaması əsaslı şübhəyə səbəb olur ki, işdə də bu şübhələri aradan qaldıran və onun İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X11 Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 iyun 2024-cü il tarixli, 002893 nömrəli aktda tiktinti işlərinin aparıldığı ərazinin vurulan koordinatlara əsasən X16 torpağı olduğu qeyd olunsa da, bununla bağlı hər hansı mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Həmçinin, torpaqların münbit qatının korlanması dedikdə onun tərkibində olan canlı həyatı üçün vacib elementlərin tükənməsi, dənəvərciklik ölçülərinin dəyişməsi, məhsuldarlığın itməsi və ya təbii su saxlama qabiliyyəti dərəcəsinin dəyişməsi və sair şəkildə ola bilər. Bu halların aşkar edilməsi üçün həmin torpağın təbiətini aydınlaşdırmaq üçün mikroskopik və kimyəvi (torpağın rəngi, mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) tədqiqatlar aparılmalı idi. Lakin inzibati xəta haqqında materialda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı X11 Mərkəzinin əməkdaşları tərəfindən sözü gedən tədqiqatların aparıldığını təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Dildar Şabanova inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərar X5 qanunda nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş və ona qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da, X4 Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X4 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X4 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-
1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Beləliklə, məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi C.X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 600 manat məbləğində cərimə edilməsi ilə bağlı 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Yusif Zeynalov