Məhkəmə qərarları › İş №3(048)-163/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-163/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-163/2024 06.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonu, Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Mastail kənd sakini X5 27 may 2024-cü il tarixdə, saat 10:04-də Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzinə məlumat verərək həyat yoldaşı Şəxs və qaynatası tərəfindən döyülməsini, övladlarının ona verilməməsini bildirmişdir. Araşdırma zamanı X5 25 may 2024-cü il tarixdə Lerik RPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə Lerik rayonunun Mastail kəndində yaşadığı evin həyətyanı sahəsində əri onu və anası Zərərçəkmiş şəxs Əyyub qızını döyərək bədəni üzərində müxtəlif xəsarətlər yetirmiş, əlində olan bıçaqla öldürməklə hədələmişdir. Müraciət əsasında Lerik rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis baş leytenantı X7 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və göstərilən maddədə nəzərdə tutulmuş ittiham ona elan olunması, Şəxs hərəkətləri nəticəsində ictimai qaydanın kobud şəkildə pozulması xüsusatları təsdiq olunmadığından iş üzrə həmin xüsusata görə cinayət işinin başlanması rədd edilməsi, Şəxs 25 may 2024-cü il tarixdə, saat 09 radələrində əlində bıçaqla X4 öldürməklə hədələməsi təsdiq olunmadığından həmin xüsusata görə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şəxs qaynanası Zərərçəkmiş şəxs yumruq və təpiklə döyərək ona döş qəfəsi, burun, çənəaltı, sağ qulaqaltı nahiyələrində sıyrıqla nəticələnən və sağlamlığa zərər vurmayan dərəcləri təyin edilməyən xəsarətlər yetirdiyindən əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti Lerik RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1 Elvin Elmurad oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 25 may 2024-cü il tarixdə Lerik rayonunun Mastail kənd sakini Şəxs yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşının anası (qaynanası) Zərərçəkmiş şəxs döymüş, bu xüsusatlar müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 25 may 2024-cü il tarixdə, saat 09 radələrində Lerik rayonunun Mastail kəndində yaşadığı evdə olarkən həyətdə səs-küy eşitmiş, həyətə düşdükdə həyat yoldaşı Solmaz ilə qaynanası Narıngülü görmüş, Solmaz ondan uşaqları verməsini tələb etmiş, uşaqlar evdən çölə çıxmış, Solmaz azyaşlı oğlu Ağayarı qucağına götürmüş, uşaq ağlamış, Solmazdan uşağı yerə qoymasını tələb etmiş, Solmazdan uşağı alıb yerə qoymuş, anası Bahar uşaqları evə aparmışdır. Daha sonra o, Solmaz və Narıngüldən həyətdən çıxmalarını tələb etmiş, anası Baharla Narıngül və Solmaz arasında mübahisə yaranmış, mübahisə zamanı onları uzaqlaşdırıb həyətdən çıxartmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, azyaşlı uşaqları Solmazgil ilə getmişdir. Həmin vaxt o nə həyat yoldaşı Solmaza, nə də ki qaynanası Narıngülə xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs kürəkəni, Solmaz Şərifzadə isə qızıdır. Solmaz ilə Elvin 2019-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı uşağı vardır. 21 may 2024-cü il tarixdə qudası Elmurad həyat yoldaşı Şıxəliyə zəng edərək kəndə gəlib Solmazı aparmasını xahiş etmiş, Şıxəli həmin gün Lerik rayonunun Mastail kəndinə gedib Solmazı götürüb ilk öncə Lerik şəhərinə, daha sonra isə 22 may 2024-cü il tarixdə Bakı şəhərinə yaşadığı evə getirmişdir. Solmazın iki azyaşlı övladı Mastail kəndində Elvingil ilə birlikdə qalmış, Solmaz ona uşaqlarsız qala bilməyəcəyini demiş, 25 may 2024-cü il tarixdə, səhər saatlarında Solmaz ilə birlikdə Lerik rayonunun Mastail kəndində Elvinə məxsus evin həyətyanı sahəsinə gedib iki azyaşlı uşağı onlara vermələrini xahiş etmişlər. Azyaşlı uşaqlar Solmazı görüb yanına gəlmiş, Elvin bunu görüb uşaqları ona verməyəcəyini demişdir. Solmazın üzərinə hücum çəkərək yumruq və təpiklə Solmazı vurmuş, nəticəsində ona xəsarət yetirmiş, daha sonra onun üzərinə hücum edib yumruq və təpiklə ona xəsarət yetirmişdir. Elvin onun əlində olan “Xiaomi Redmi 11” markalı telefonuna ağacla vurması nəticəsində sındırmışdır. Hazırda şikayətçi olduğunu, Şəxs ilə barışmadığını nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik rayon polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran MTE və PA şöbəsinin 25 may 2024-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “döş qəfəsi, burun, çənəaltı, sağ qulaqaltı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs 25 may 2024-cü il tarixdə Lerik rayonunun Mastail kəndində yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşının anası (qaynanası) Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən, saat 12:55dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən, saat 12:55-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar