Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-165/2025 17.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X11 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Lerik rayonu Davradibi kəndində yaşayır və müharibə iştirakçısıdır. Müharibədə aldığı xəstəlik nəticəsində hərəkəti məhdudlaşmışdır. Dövlət tərəfindən ona ayrılmış müharibə iştirakçısı pulu və məktəbdə işlədiyi mühafizəçi pulu ilə ailəsini dolandırır. Lerik rayon Vizəzəmin meşəbəyliyi ərazisində meşə qırıntıları olduğundan onun atası Ekologiya Nazirliyinə müraciət etmişdir. Bunu görə meşəbəyi onun ərazisindən şikayət etdiyindən əsassız olaraq barəsində protokol yazmış və Ekologiyaya göndərmişdir. X12 X3 meşəbəyliyinin 20 may 2025-ci il tarixli MN ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, İXM-in 253.1-ci maddəsi ilə 700 manat cərimə olunmuşdur. Hesab edir ki, atası meşə idarəsindən meşədə olan qanunsuz qırıntlara görə, şikayət etdiyindən meşəbəyi qərəzli olaraq onun barəsində əsassız protokol tərtib etmiş və 1 saylı Ekologiya idarəsi araşdırma apramadan onu cərimə etmişdir. O, müharibə iştirakçısı olmaqla bədənində olan ağrılar səbəbindən gəzməyə belə çətinlik çəkir və hesab edir ki, barəsində qəbul olunmuş protokol və qərar əsassızdır. Ancaq qərarda guya o Lənkəran RMTM-in Vizəzəmin meşəbəyliyinin 18 saylı meşə doalyısında kök üstə yaş ağacları kəsməyi qeyd edilmişdir. Ancaq o, heç bir ağac kəsməmiş və ağac kəsməyi barədə heç bir sübutda mövcud deyildir. Bununla da məlum olur ki, barəsində qəbul edilmiş həmin protokol və qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 izahat verərək bildirmişdir ki, Lerik rayonu Davradibi kənd məktəbində gözətçi işləyir və müharibə iştirakçısıdır. Müharibə zamanı yaralanmış və hazırda xəstədir. Atası Rasim ağacların kəsilməsi ilə bağlı aidiyyatı qurumlara şikayət etmiş, bu səbəbdən meşə işçilərinin onlarla münasibəti pozulmuş və barəsində əsassız yerə protokol tərtib edilmişdir. O, heç bir ağac kəsməmişdir. Göstərilənləri nəzə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən 1 saylı X9 X1 18a saylı meşə dolayının gözətçisi X6 izahatında göstərmişdir ki, Elmin Musayevi tanıyır. O, meşə dolayı ərazisini gəzən zaman 22 ədəd müxtəlif növdə ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını müəyyən etmişdir. Meşə ərazisində ayaq izi ilə gələn zaman kəsilmiş ağacların Elmin Musayevin həyətyanı ərazisində çəpinə bastırılmış vəziyyətdə görmüş və bununla bağlı dərhal meşəbəyliyin meşəbəyisinə məlumat vermişdir. Lakin meşə ərazisində ağacların Elmin Musayev tərəfindən kəsilməsi ilə bağlı təqdim edə biləcəyi hər hansı bir sübutu yoxdur. Məhkəmə barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxsin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 1 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli, 006180 nömrəli aktdan görünür ki, Lerik rayonu Davradibi kənd sakini X11 tərəfindən Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayında özbaşına ağac kəsilməsi barədə 18a saylı dolayın meşə gözətçisi Nizami Əmirovdan telefon vasitəsilə verdiyi şifahi məlumatı yerində araşdırmışlar. Araşdırmaya meşə qanun pozucusu Elmin Musayev dəvət edilmişdir. O, araşdırmada iştirak etməkdən və izahat verməkdən imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Lerik rayonu, Davradibi kənd sakini Elmin Musayev əlində heç bir əsas olmadan Vizəzəmin meşbəyliyinin 18a saylı dolayına girərək özbaşına palıd cinsindən 8 sm diametrində 10 ədəd, 12 sm diametrində 10 ədəd, vələs cinsindən 8 sm diametrində 02 ədəd, ümumilikdə 22 ədəd cavan ağacları kəsərək aparmışdır. Həmin ağaclar kəsilmə yerində ölçülərək, döş hündürlüyündə hesablanaraq ağacların kötükləri Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Babək Hüseynova məxsus 173 nömrəli damğa ilə damğalanmışdır. İş materiallarında olan 1 saylı X9 Mərkəzinin 20 may 2025-ci il tarixli həcm-qiymət cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən dövlət meşə fonduna dəymiş kök üstə satış miqdarı ilə zərərin miqdarı 207,58 (iki yüz yeddi manat əlli səkkiz qəpik) manat təşkil edir. İş materiallarında olan Vizəzəmin meşəbəyliyinin meşəbəyisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayında kök üstə yaş ağacların kəsilməsinə görə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan 1 saylı X9 Mərkəzinin rəisi X8 tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Lənkəran X9 X1 18a saylı meşə dolayında kök üstə yaş ağacların qanunsuz kəsilməsinə görə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəsiqənin surətindən görünür ki, X11 müraribə iştirakçısıdır. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə X11 xx.xx.2025-ci il tarixdə Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayında kök üstə yaş ağacların kəsilməsinə görə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Məhkəmə qeyd edir ki, X5 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 barəsində Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayının ərazisində kök üstə yaş ağacları qanunsuz olaraq kəsməsi ilə bağlı protokol tərtib edilsə də, həmin protokolun qəbul edilməsinə əsas olan hallar birbaşa və dolayısı yolla X11 tərəfindən meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi faktını təsdiq etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Vizəzəmin meşəbəyliyinin meşəbəyisi X10 tərəfindən X11 barəsində 20 may 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzaladıqdan imtina etmişdirsə bunun səbəbləri barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Bundan başqa, məhkəmə qəbul edilmiş qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli MN ******* saylı qərar İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın “müəyyən edildi” bölməsində sadəcə olaraq Lənkəran RMTM-nin Vizəzəmin meşəbəyliyinin 18a saylı meşə dolayında kök üstə yaş ağacları qanunsuz olaraq kəsməsi ilə bağlı qeydlər aparılmışdır. Həmin xanada əslində şəxsin törətdiyi xətanın nədən ibarət olmasına aydınlıq gətirilməmiş, sadəcə olaraq İXM-nin diposiziyasında göstərilən əməllər sadalanmaqla kifayətlənmişdir. Göründüyü kimi, X5 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə həmçinin şahid ifadəsinə qiymət verərək qeyd edir ki, 1 saylı X9 X1 18a saylı meşə dolayının gözətçisi X6 izahatında meşə dolayı ərazisini gəzən zaman 22 ədəd müxtəlif növdə ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılmasını müəyyən etdiyini, meşə ərazisində ayaq izi ilə gələn zaman kəsilmiş ağacların Elmin Musayevin həyətyanı ərazisində çəpinə bastırılmış vəziyyətdə gördüyünü və bununla bağlı dərhal meşəbəyliyin meşəbəyisinə məlumat verdiyini bildirmiş, lakin izahatında göstərdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X7 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X5 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da, X5 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-
1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Beləliklə, məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı 13 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Yusif Zeynalov