Məhkəmə qərarları › İş №3(048)-166/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-166/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-166/2025 22.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5 İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 28 yanvar 2025-ci il tarixdə oğlu X2 10:35 radələrində Köhnə Ələt-Astara yolunun 161.5-ci km-də Cəlilabad istiqamətində mülkiyyətində olan “Daimler E260” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Nəticədə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin həmin tarixdə sözügedən avtomobilə onun etibarnaməsi olduğu üçün həmin cərimə onun adına rəsmiləşmişdir. Belə ki, həmin tarixdə onun sürücülük hüququnun Lerik Rayon Məhkməsinin qərarına əsasən 6 (altı) ay müddətinə məhdudlaşdırıldığından həmin cərimə ona tətbiq edilərkən sürücülük hüququ məhdudulaşdırılan şəxs kimi 400 (dörd yüz) manat cərimə tətbiq edilmişdir. O, Lerik Rayon Məhkəməsinin qərarına xitam verilməsi üçün məhkməyə müraciət etmiş və məhkəmənin 07 mart 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Lerik Rayon Məhkəməsinin 3(048)-09/2025 saylı, 21 yanvar 2025-ci il tarixli qərarına xitam verilmişdir. Həmin qərara əsasən üzərində olan məhdudiyyət götürüldükdən sonra o, avtomobili idarə etmişdir. Ancaq yolda YPX əməkdaşları stasionar postda avtomobili saxlayarkən ona məlum olmuşdur ki, yuxarıda gösrətilən elektron qərar onun üçün yazılmışdır. Ona görə də BDYPİ-yə müraciət etmiş və ona qərarın ləğvi ilə bağlı məhkməyə müraciət etməsi bildirilmişdir. O, hesab edir ki, barəsində tətbiq olunmuş qərar əsassızdır. Həmin xəta oğlu X6 tərəfindən törədildiyindən qeyd olunan qərar onun üçün tətbiq olunmalıdır. Belə ki, inzibati xəta törədilərkən istifadə etmək üçün etibarnamə əsasında adında olan avtomobili o, yox oğlu X6 idarə etmişdir. Həmçinin bu halı təsdiq edəcək şahidlər də vardır. Qeyd edir ki, heç bir inzibati xəta hadisəsi törətməmiş, birmənalı şəkildə bəyan edir ki, xətanı törədən şəxs X3r. O, hesab edir ki, inzibati xəta hadisəsi mövcud olmadığından və barəsində tərtib olunmuş qərarın heç bir hüquqi əsası olmadığından Azərbaycan Respublikası DİN-nin Baş X12 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 şikayəti müdafiə edərək izahat bildirmişdir ki, “Daimler E 260” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Zöhrəli İbrahimovun mülkiyyətindədir. Onun sözügedən avtomobilin idarə edilməsinə görə etibarnaməsi vardır. 28 yanvar 2025-ci il tarixdə oğlu Zöhrəli İbrahimov saat 10:35 radələrində Köhnə Ələt-Astara yolunun 161.5-ci km-də Cəlilabad istiqamətində avtomobili idarə edərkən inzibati xəta törətmiş, lakin həmin avtomobilə idarə etməyə onun etibarnaməsi olduğundan cərimə də onun adına yazılmışdır. Lerik Rayon Məhkməsinin qərarına əsasən onun nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırıldığından həmin cərimə ona tətbiq edilərkən sürücülük hüququ məhdudulaşdırılan şəxs kimi 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin inzibati xəta törədilən zaman avtomobili o, yox oğlu Zöhrəli İbrahimov idarə etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Baş X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Baş X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş AE 063567 nömrəli qeydiyyat şəhadətnaməsinin, xx.xx.2019-cu il tarixdə verilmiş AE 054849 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “Daimler E260” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur və onun həmin avtomobili idarəetmə hüququ vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AF 13036 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 BC kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərarın surətindən görünür ki, X8 28 yanvar 2025-ci il tarixdə saat 10:35 radələrində köhnə Ələt-Astara yolunun 161.5-ci km-də Cəlilabad istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 0X00043C67 nömrəli kameradan əldə olunmuş fotoşəkillərdən görünür ki, 28 yanvar 2025-ci il tarixdə, saat 10:35 radələrində köhnə Ələt- Astara yolunun 161.5-ci km-də Cəlilabad istiqamətində sürət limiti 60 km/saat olmasına baxmayaraq “Daimler E260” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil 71 km/saat surətlə hərəkət etmişdir. İş materiallarında olan X7 ünvanlanmış 3-13-16/2-İ-98708 saylı məktubdan görünür ki, “Daimler” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törədilməsinə dair foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin DİN BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərardan X5 şikayətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qərardan şikayət vermə müddəti ötürüldüyündən baxılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25770127 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar