Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-172/2024 11.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsaslanaraq onun barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş, protokol sonradan Azərbaycan Respublikası ETSNnin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş və daha sonra yəni, xx.xx.2024-cü il tarixdə inzibati orqanın vəzifəli şəxsi idarə rəisi Ceyhun Hüseynov tərəfindən onun iştrakını təmin etmədən birtərəfli qaydad sözügedən qərar çıxarılmışdır. Belə ki, o "xxxx" ASC-nin 3 №-li X10 idarəsinin Lerik Sukanal sahəsinin sahə rəisi vəzifəsində çalışır. Sahə rəisi olaraq onun vəzifə təlimatına sahənin xidməti ərazisində su təchizatı və kanalizasiya şəbəkələrinin istismarını təşkil etmək, istehlakçıların su təchizatı və kanalizasiya xidmətlərinə olan tələbatlarını yüksək səviyyədə ödənilməsini təmin etməkdən ibarətdir. Qeyd edir ki, heç də mövsümü olmayan yağan intensiv yağışlar və sel nəticəsində Lerik şəhəri və onun ətraf kəndlərini qidalandıran mənbə sayılan çay yatağında müəyyən problemlər yaranmasının vaxtında qarşısını almaq üçün çayın onlara aid xidmət sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, suqəbuledici bəndi lil və çınqıl qatından təmizləmək məqsədi ilə onlara aid ərazidən texniki vasitələrdən istifadə edilməklə daşınaraq, digər onlara aid xidməti ərazidə boşaldılmış və bu zaman Lerik RPŞnin YPX əməkdaşları bunun qarşısını onlara məlum olmayan səbəbdən almış, daha sonra isə inzibati xəta xəta protokol tərtib etmişlər. Həmin protokola görə guya o, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsaslanaraq “icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə” qaydalarını pozmuşdur. İlkin olaraq bildirir ki, Yol Polisi əməkdaşları yerin təkindən istifadə etmə qaydalarını pozmağa görə protokol tərtib etmək səlahiyyətləri yoxdur, həmin səlahiyyətlərə yalnız Azərbaycan Respublikası Ekolooiva və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri malikdir. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib etmiş YPX-nin məsul əməkdaşı protokolu natamam-qərəzli şəkildə tərtib etmiş və protokolda bir sıra kobud yanlışlıqlara yol verilmişdir. Belə ki, yuxarıda qeyd etdiyi hadisələr xx.xx.2024-ci il tarixdə baş versə də, protokol 17 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, protokol sonradan Lerik RPŞ tərəfindən Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bu iş üzrə inzibati tənbeh qərarı isə hadisələrin baş verməsindən 50 gün keçdikdən sonra, protokol tərtib edildikdən isə 1 ay 2 gün keçdikdən sonra çıxarılmışdır. Göründüyü kimi həm inzibati xəta haqqında protokol, həm də inzibati tənbeh verinə haqqında qərar qəbul edilərkən çoxsaylı prosessual pozuntulara yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş məsul əməkdaş protokolu inzibati tənbeh tədbirinə məruz qalmış vəzfəli şəxsə təqdim edilməmiş, barəsində inzibati tənbeh tədbiri şəxsin iştirakı olmadan qəbul edimiş və beləliklə protokol İXM-nin nəzərdə tutulmuş tələblərinə cavab vermir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, o "xxxx" ASC-nin 3 saylı X10 İdarəsinin Lerik Su Kanal İdarəsinin rəisi vəzifəsində işləyir. Lerik rayonunda iyun-iyul aylarında yağan yağışlar nəticəsində çaylara sel gəlmişdir. O, yaranmış təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinin fotoşəkllərini çəkərək X10 İdarəsinə və "xxxx" ASC-yə göndərmişdir. Gələn sel nəticəsində Nisli çayının üzərində suqəbuledici bəndin qarşısı kəsilmiş, nasoslar həmin bənddən su götürə bilməmişdir. Bu səbəbdən X10 İdarəsinin ekskavatoru və özüboşaldan “İveco” markalı maşını hadisə yerinə cəlb olunmuş və suqəbuledici bəndin təmizlənməsi işinə başlanılmışdır. Hadisə yerinə cəlb olunmuş maşınlar suqəbuledici bənddən qrabel (xırda daş) deyil, lil qatını təmizləmişlər. Lakin Lerik rayon Polis şöbəsinin əməkdaşları əsasız yerə onun barəsində protokol tərtib etmiş və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən də onun barəsində 25 iyul 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərsu ASC-nin 3 saylı X10 İdarəsinin Lerik Su Kanal İdarəsinin sahə rəisi X9 xx.xx.2024-cü il tarixdə Lerik rayonu, Nisli kəndi ərazisində yerin təkindən istifadə qaydalarını pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi C.Hüseynov tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərsu ASC-nin 3 saylı X10 İdarəsinin Lerik Su Kanal İdarəsinin sahə rəisi X9 xx.xx.2024-cü il tarixdə Lerik rayonu, Nisli kəndi ərazisində yerin təkindən istifadə qaydalarını pozduğundan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərsu ASC-nin 3 saylı X10 İdarəsinin Lerik Su Kanal İdarəsinin sahə rəisi X9 icazə olmadan yerin təkindən istifadə etmə qaydalarını pozması faktı ilə bağlı İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Məhkəmə qeyd edir ki, X5 İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 tərəfindən Lerik rayonu, Nisli kəndi ərazisində yerin təkindən qanunsuz istifadə etməklə qazıntı işlərini aparması ilə bağlı protokol tərtib edilsə də, həmin protokolun qəbul edilməsinə əsas olan hallar birbaşa və dolayısı yolla onun Lerik rayonu, Nisli kəndi ərazisində qanunsuz qazıntı işlərini aparması faktını təsdiq etməmişdir. Əksinə sənədlərdən, eləcə də işdə iştirak edən şəxsin izahatından müəyyən olunur ki, iyun-iyul aylarında Lerik rayonuna yağan yağışlar nəticəsində çaylara gəlmiş selin fəsadlarını aradan qaldırmaq üçün X10 İdarəsinin ekskavatoru və özüboşaldan “İveco” markalı maşını hadisə yerinə cəlb olunmuş, Nisli çayının üzərində yerləşən suqəbuledici bəndin təmizlənməsi işləri aparılmış və suqəbuledici bəndin lil qatı təmizlənmişdir. Qeyd edilən hallar iş materialına əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, 21 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən, həmçinin 25 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında işə baxılarkən X5 iştirakı təmin edilməmiş, bununla da onun istinad olunan İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsini sübut etmək imkanı tam mənada məhdudlaşdırılmışdır. Müvafiq sübutlar olmadan X5 icazə olmadan yerin təkindən istifadə etmə qaydalarını pozması əsaslı şübhəyə səbəb olur ki, işdə də bu şübhələri aradan qaldıran və onun İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qəbul edilmiş qərarla bağlı qeyd edir ki, qərar İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, blanklı qərarın “işə baxılarkən müəyyən edilmiş hallar” bölməsində sadəcə olaraq Lerik rayonu Nisli kəndi ərazisində yerin təkindən istifadə qaydalarını pozduğu ilə bağlı qeydlər aparılmışdır. Həmin xanada əslində şəxsin törətdiyi xətanın nədən ibarət olması, yəni onun yerin təkindən istifadə qaydasını pozması hansı əməllə icra edildiyinə aydınlıq gətirilməmiş, sadəcə olaraq İXM-nin diposiziyasında göstərilən əməllər sadalanmaqla kifayətlənmişdir. Göründüyü kimi, X5 İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Asif İmanov inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X6 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X5 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X5 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-
1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Beləliklə, məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi C.X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi ilə bağlı 25 iyul 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Yusif Zeynalov