Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-175/2024 21.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lerik rayonu, Vənədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məktəbdə laborant işləyən, Lerik rayonu, Vənədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Vənədi kənd sakini Zərərçəkmiş şəxs 05 iyul 2024-cü il tarixdə, saat 12:32-də Azərbaycan Respublikasının DİN-nin “102” zəng xidmətinə Vasif adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Lerik rayonunun Vənədi kənd sakini Şəxs 05 iyul 2024-cü il tarixdə, saat 12:36-də Azərbaycan Respublikasının DİN-nin “102” zəng xidmətinə məlumat verərək qonşusu Zərərçəkmiş şəxs vətəndaşın evinə gələn su borusunu kəsməsi və onunla münaqişə etməsini bildirib polisin gəlməsini istəmişdir. Lerik rayonunun Vənədi kənd sakini X6 05 iyul 2024-cü il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək 05 iyul 2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs onun sol qoluna təpik vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Ərizə əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 05 iyul 2024-cü il tarixdə Lerik rayonunun Vənədi kənd sakini Şəxs ona məxsus su xətti borusunun kəsilməsi səbəbindən yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs çənəsinə bir yumruq zərbəsi vuraraq onu döymüş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, ilk dəfə inzibati xəta törətməsini və hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs şikayətçi olduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışığın olmadığını nəzərə alaraq, ona ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 06 iyul 2024-cü il tarixli, 43 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alt dodaq nahiyəsində sıyrıq, sol yanaq nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, 05 iyul 2024-cü il tarixdə Lerik rayonunun Vənədi kənd sakini Şəxs ona məxsus su xətti borusunun kəsilməsi səbəbindən yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (32.2.) Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün yuxarı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-175/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-175/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver