Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-177/2024 23.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Şingədulan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Lerik rayonu, Şingədulan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs 09 iyul 2024-cü il tarixdə, saat 21:06-da Azərbaycan Respublikasının DİN-nin “102” zəng xidmətinə məlumat verərək döyülməsini bildirmişdir. Lerik RMX-nin həkimi Cəfərov 10 iyul 2024-cü il tarixdə, saat 00:31-də Lerik RPŞ-yə telefon məlumatı verərək xx.xx.1999-cu il təvəllüdlü Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs “döyülmədən sonrakı stress vəziyyəti” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs 10 iyul 2024-cü il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, faktiki həyat yoldaşı Şəxs 09 iyul 2024-cü il tarixdə, Lerik rayonunun Soru kəndində yerləşən atasına məxsus evin həyətində saçlarından tutaraq başına bir neçə yumruq zərbəsi, eləcə də hər iki qollarına bir neçə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Ərizə əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X5 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 09 iyul 2024-cü il tarixdə Şəxs Lerik rayonunun Soru kəndində yerləşən qaynatası Araz Həsnovun evinin həyətində ailə münsibətləri zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun faktiki həyat yoldaşıdır, nikahlarını rəsmiləşdirməmişlər. 24 iyun 2024-cü il tarixdə həyat yoldaşı Rəvanəni Lerik rayonunun Soru kəndində yaşayan qaynatasının evinə aparmışdır. 09 iyul 2024-cü il tarixdə o, qaynatasının evinə gedərək Rəvanəni evinə aparmaq istəmiş, əvvəlcə Rəvanənin qardaşı ilə rastlaşmış, bir az onunla söhbət etmiş, daha sonra onun dayısı Rəvaddin ilə də bir az söhbət etmişdir. Onlara Rəvanəni evə aparmaq istədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Rəvanə hay-küy salaraq onunla gəlmək istəmədiyini və evi tərk etməsini demişdir. O, da oranı tərk etmişdir. O, əvəllər bir dəfə Rəvanəni döysə də, 09 iyul 2024-cü il tarixdə Rəvanəni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o Lerik rayonunun Soru kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Şəxs onun faktiki həyat yoldaşıdır, nikahlarını rəsmiləşdirməmişlər. Uzun müddətdir ki, Şəxsla aralarında narazılıq davam edir. Əvvəllər bir neçə dəfə Eldost onu döymüş, bu səbəbdən o, atasının evinə gəlmişdir. 09 iyul 2024-cü il tarixdə Şəxs Lerik rayonunun Soru kəndində yerləşən atasının həyətinə gəlmiş, onu yenidən evinə aparmaq istəmiş, o isə Eldostla getməkdən imtina etmişdir. Eldost onun saçından tutaraq başına bir neçə yumruq zərbəsi vurmuş, daha sonra Eldost onun hər iki qollarına yumruq zərbəsi və sol ayağının arxa hissəsinə təpik zərbəsi vurmuşdur. O, hay-küy salmış və qonşuları Kazım Nəsirov araya girərək onları ayırmışdır. Hazırda şikayətçi olduğunu, Şəxsla barışmadığını nəzərə alaraq, onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 11 iyul 2024-cü il tarixli, 49 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - onurğa sütununun bel şöbəsi, bel, sağ baldır, sol bazu, başın təpə nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs 09 iyul 2024-cü il tarixdə Lerik rayonunun Soru kəndində yerləşən qaynatası Araz Həsnovun evinin həyətində ailə münsibətləri zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 23 avqust 2024-cü il tarixdən, saat 15:25dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 avqust 2024-cü il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-177/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-177/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver