Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-212/2024 12.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Lerik rayonu, Babaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, cavabdeh Şəxs iddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat, qoz ağacının taxta və oduncağına görə 309,41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclu şəxs icra şöbəsinə dəvət olunmuş, izahatı alınmış, əraziyə baxış keçirilməsi ilə bağlı icra prosesi təyin olunmuşdur. İcra prosesi zamanı müəyyən olunmuşdur ki, tələbkarın evi yuxarıda, borclunun evi isə aşağıda yerləşir. İstinad divarının hündürlüyünün və eninin nə qədər olması isə icra sənədində qeyd edilmədiyindən bununla bağlı izah verilməsi üçün məhkəməyə müraciət olunmuş və Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-1214/2017 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi ifadəsi cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi kimi izah olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixə icra prosesi təyin olunmuş, lakin yenidən icra sənədinin icrası ilə bağlı heç bir nəticə əldə olunmadığından borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 3(048)-229/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı ilə borclu şəxs 500 manat məbləğində cərimə edilmişdir. İcra tədbirləri nəticəsində borclu Şəxs tələbkara ödəməli olduğu pul məbləği onun təqaüdünə yönəldilərək tutulsa da, icra sənədi istinad divarının çəkilməsi hissəsində hələ də icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında istinad divarının çəkilməsi üçün maddi imkanının olmadığını, İ qrup əlil olmaqla onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-1214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməli, cavabdeh Şəxs iddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat, qoz ağacının taxta və oduncağına görə 309,41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X3 verilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)- 1214/2017 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi ifadəsi cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına 15 metr uzunluğunda, 2 metr hündürlüyündə istinad divarının çəkilməsi kimi izah olunmuşdur. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada tam icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borcluya icra sənədində qeyd edilən istinad divarının çəkilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs İ qrup əlildir. Məhkəmə qeyd edir ki, Şəxs İ qrup əlil olduğundan onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-212/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-212/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver