Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-240/2025 10.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Azərbaycan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-896/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, hər hansı gəliri müəyyən edilməmişdir. Borclu şəxs icra məmurunun qanuni çağırışına gəlmədiyindən barəsində axtarış qərarı qəbul olunmuş və Daxili İşlər Nazirliyinin Lerik rayon Polis şöbəsinə göndərilmişdir. Borclu şəxs 16 oktyabr 2024-cü il tarixdə Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Lerik rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu şəxsdən 2400 manat aliment borcunun ödənilməsi ilə bağlı izahat alınmış, lakin borclu şəxs işləmədiyini əsas gətirərək ödəniş etməmişdir. Bundan sonra borclu şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyatı üzrə Lerik rayon Məhkəməsinə göndərilmişdir. Lerik rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 3(048)-268/2024 saylı qərarına əsasən Şəxs 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu şəxs inzibati həbsdən çıxdıqdan sonra ona cinayət məsuliyyəti barədə xəbərdarlıq elan olunmuşdur. Borclu şəxs aliment borcundan heç bir ödəniş etmədiyindən və tələbkarın haqlı şikayətlərindən dolayı borclu şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı tərəflərindən Lerik Rayon Məhkəməsinə təqdimat verilmişdir. Lerik rayon Məhkəməsinin 8(048)-6/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra borclu şəxsə Lerik rayon İcra və Probasiya şöbəsinə gəlməsi və aliment borcunu ödəməsi bildirilmiş, lakin borclu şəxs icra şöbəsinə gəlməmişdir. Borclu şəxs Şəxs barəsində Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən yenidən axtarış elan olunmuş və icra edilməsi üçün Lerik rayon Polis şöbəsinə göndərilmişdir. Borclu şəxs 10 sentyabr 2025-ci il tarixdə Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Borclu Şəxs izahatında 08 sentyabr 2025-ci il tarixdə 30 manat ödəniş etdiyini, hazırda heç bir ödəniş edə bilməyəcəyini, tərəflərindən vaxt verilərsə ödəniş edə biləcəyini bildirmişdir. Hazırda Şəxs 3450 manat ödənilməmiş aliment borcu vardır. Tələbkarla əlaqə saxlanılmış və o, alimentin ödənilməsini tələb etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Şəxs barəsində protokol tərtib edilərək aidiyyatı üzrə Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında usta işlədiyini, daimi işinin olmadığını, xəstə olduğunu, səhhəti ilə bağlı ağır işlərdə işləyə bilmədiyini, iş olduqdca ödənişlər etdiyini, sonuncu dəfə 30 manat ödəniş etdiyini, on gün müddətinə ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-896/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki Lənkəran Rayon Məhkəməsinin 2(049)- 896/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəliri aşkar edilməmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 8(048)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 896/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da borclu şəxs tərəfindən aliment borcundan ödənişlər olunmamış və hazırda icra sənədi üzrə ödənilməyən 3450 manat məbləğində aliment borcu vardır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsin əvvəli 10 sentyabr 2025-ci il tarixdən, saat 13:15-dən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən, saat 13:15-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-240/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-240/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver