Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-266/2024 15.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Lerik rayonu, Livədirqə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lerik rayonu, Livədirqə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 15 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Füzuli Rayon Məhkəməsinin e-2(064)-86/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclular Şəxs və X1 müştərək qaydada cəmi 21939.22 (iyirmi bir min doqquz yüz otuz doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti və 156.22 (yüz əlli altı manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, hər hansı gəliri müəyyən edilməmişdir. İcra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və borclu şəxs Lerik rayon Polis şöbəsi tərəfindən axtarışla icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Şəxs izahatı alınmış və izahatında əvəllər işləyəndə kredit borcundan ödəniş etdiyini, lakin uzun müddətdir ki, işsiz olduğundan borcundan ödəniş edə bilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əvvəllər hərbidə xidmət etdiyi zaman aldığı əmək haqqından kredit borcundan ödəniş edə bildiyini, vətən müharibəsi döyüşlərində iştirak etdiyini, lakin sonradan yaralandığından səhhəti ilə bağlı işləyə bilmədiyindən kredit borcundan hər hansı bir məbləğdə ödəniş etməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin e-2(064)-86/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclular Şəxs və X1 müştərək qaydada cəmi 21939.22 (iyirmi bir min doqquz yüz otuz doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti və 156.22 (yüz əlli altı manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlarından görünür ki, Füzuli Rayon Məhkəməsinin e- 2(064)-86/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs məxsus 097548 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Əliyev X3, Cəbrayılın və Kəlbəcərin azad olunması, eləcə də vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-266/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-266/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver