Məhkəmə qərarları › İş №3(048)-285/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-285/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-285/2024 29.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Lerik rayonu, Gürdəsər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Liftiyeva (Əzimova) Zeynəb Elşad qızına verilməlidir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcu şəxs aliment borcunu ödəmədiyindən barəsində üç dəfə inzibati xəta haqqında protokol tərtib olunmuş, məhkəməyə təqdim olunmuş və protokollar təmin olunmuşdur. Borcu şəxsin həmçinin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu şəxs tərəfindən yaranmış 8750 manat aliment borcu ödənilmədiyindən barəsində materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində borclu şəxs Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəxs xəstəliyi ilə əlaqədar 2024-cü ilin iyul ayında vaxtından əvvəl həbsdən azad olunmuşdur. Bundan sonra borclu şəxs Şəxs aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə dəvət olunmuş, lakin şöbəyə gəlmədiyindən barəsində axtarış elan edilmiş və axtarışla icra şöbəsinə gətirilmişdir. Şöbədə izahatı alınmış və izahatında həbsdən təzə çıxdığını, aliment borcundan ödəniş etmək istədiyini, lakin xəstəliyi ilə bağlı işləyə bilmədiyindən ödəniş edə bilmədiyini bildirmişdir. Borclu şəxsə İİİ qrup əlil kimi pensiya təyin olunmuş, lakin hal-hazırda aktiv deyildir, bununla bağlı ƏƏSMN sorğu yazılmış, gələn aydan pensiyasına yönəltmə olacaqdır. Hazırda 18890 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında barəsində qəbul edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkdiyi müddətdə onkoloji xəstəliyə tutulduğunu, xəstəliyi ilə əlaqədar 2024-cü ilin iyul ayında həbsdən azad olunduğunu, aliment borcundan ödəniş etmək istədiyini, lakin xəstəliyi ilə bağlı işləyə bilmədiyindən ödəniş edə bilmədiyini, ximiya terapiya müalicəsi aldığını, xəstəliyi ilə əlaqədar dərmanlarını almağa pul tapmadığını, ona İİİ qrup əlilliyi ilə bağlı pensiya təyin olunduğunu, borcunun pensiyasına yönəldilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Lerik Rayon İcra və probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7344/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Liftiyeva (Əzimova) Zeynəb Elşad qızına verilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarından görünür ki, Apellyasiya Məhkəməsinin 2(103)- 7344/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs 150 (yüz əlli) manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirdir. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göründüyü kimi icra məmuru tələbin borclunun pensiyasına yönəldilməsi barədə qərar qəbul etməli olduğu halda borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Lerik rayon İcra və Pobasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Lerik rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar