Məhkəmə qərarları › İş №3(048)-289/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-289/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-289/2025 02.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, xx.xx.1993-cü il tarixdə Lerik rayonu, Haftonu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Haftonu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik PPXB-nin manqa komandiri, polis baş serjantı Dəyanət Əsədov xx.xx.2025- ci il tarixli raportunda göstərmişdir ki, həmin gün Lerik rayonunun Haftonu kənd sakini Şəxs ilə evində aparılmış profilaktiki söhbətlərdən sonra ondan 1 ədəd “İJ” markalı, 20 kalibrli, tək lüləli, Л38304 nömrəli, sənədsiz ov silahını aşkar etmiş və raportla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik kapitanı X1 tərəfindən qəbul edilmiş 25 oktyabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilməsi qərara alınmışdır. Qərardan görünür ki, material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Lerik rayonu, Haftonu kəndində qeydiyyatda olan Şəxs məxsus 1 ədəd “İJ” markalı, 20 kalibrli, tək lüləli, Л38304 nömrəli yivsiz ov tüfəngi rəsmi qeydiyyatda olmadığı və qanunsuz saxladığı üçün Lerik RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qanunsuz mülki ov silahını əldə edərək Lerik rayonu, Haftonu kəndi ərazisində yerləşən fərdi yaşayış evində saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qanunsuz mülki ov silahını əldə edərək Lerik rayonu, Haftonu kəndi ərazisində yerləşən fərdi yaşayış evində saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan – 01 ədəd “İJ” markalı, 20 kalibrli, tək lülə, Л38304 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd “İJ” markalı, 20 kalibrli, tək lülə, Л38304 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd “İJ” markalı, 20 kalibrli, tək lülə, Л38304 nömrəli yivsiz ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X3 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik rayon Polis şöbəsinə və Lerik rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar