Məhkəmə qərarları › İş №3(048)-290/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-290/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-290/2024 04.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lerik rayonu, Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laman kənd orta məktəbinin direktoru vəzifəsində işləyən, Lerik rayonu, Laman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədinə əsasən X2 Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, X1 rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq X3 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Lerik rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlama qərarı qəbul edilərək borcluya, tələbkara və məhkəməyə göndərilmişdir. Lerik rayon Laman kənd natamam orta məktəbinin direktoru Şəxs X2 Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi ilə bağlı 120 saylı, xx.xx.2023-cü il tarixi əmr verilmişdir. xx.xx.2024-cü il tarixdə X1 rayon İcra və probasiya şöbəsinə müraciət edərək, hazırki vaxtadək əmək haqqı almadığını, ümumiyyətlə icra sənədində qeyd olunan ştat vahidi üzrə işə bərpa olunmadığını bildirmişdir. Borclu şəxs tərəfindən icra sənədi icra olunmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi inzibati protokol tərtib olunmuş və Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu şəxs bundan sonra da icra sənədini icra etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədinin icrası ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə məlumat verdiyini, İdarə tərəfindən ona hazırda məktəbdə 1 ştat vahidi üzrə vakant iş yerinin olmadığı bildirilmiş, bu səbəbdən X2 işə bərpa edilməsinin mümkün olmadığını, gələcəkdə məktəbdə vakant iş yeri olacağı halda həmin şəxsin işə bərpa olunacağını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədindən görünür ki, X2 Lerik Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktorunun xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməli, X1 rayon Laman kənd natamam orta məktəbinə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməli, məcburi iş buraxma günləri üçün xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq X3 ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-405/2023 saylı icra sənədi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xərc əməliyyatları işəgötürən (məktəb rəhbəri) tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlər (tabel, müvafiq əmr, əmək müqaviləsi və s.) əsasında aparılır. Lerik rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığa X2 işə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(048)- 383/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasının təmin edilməməsinə dair rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi, eləcə də Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(048)- 383/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilməsindən sonra bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsini icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında borclu şəxs Şəxs izahatında icra sənədinin icrası ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə məlumat verdiyini və ona Regional Təhsil İdarəsi tərəfindən məktəbdə 1 ştat vahidi üzrə vakant iş yerinin olmadığı barədə cavab verildiyini bildirsə də, buna dair hər hansı yazılı müraciəti və ona verilmiş cavabı məhkəməyə təqdim edə bilməmiş, əksinə Lerik rayon İcra və Probasiya şöbəsinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciətinə cavab olaraq şöbəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan xərc əməliyyatlarının işəgötürən (məktəb rəhbəri) tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlər (tabel, müvafiq əmr, əmək müqaviləsi və s.) əsasında aparıldığı, Lerik rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığa X2 işə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilmədiyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar