Məhkəmə qərarları › İş №3(048)-313/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-313/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-313/2024 27.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Lerik rayonu, Zövnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Zövnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin PPXB-nin bölük komandiri, polis mayoru Tural Turabov 07 sentyabr 2024-cü il tarixli raportunda bildirmişdir ki, Lerik rayonunun Zövnə kənd sakini Şəxs ailə münaqişəsi zəmnində özünə məxsus olan qanunsuz ov silahı ilə yaşadığı evin həyətində həyat yoldaşı X1 atəş açaraq xəsarət yetirmişdir. Bu barədə araşdırma aparılmasını xahiş etmişdir. Lerik RPŞ-nin İstintaq qrupunun müstəntiqi, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 25 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə Şəxs arvadı X2 qəsdən ov tüfəngi ilə vuraraq ona xəsarət yetirməsi faktı təsdiq olunmadığından və toplanmış materialda cinayətin tərkib əlamətləri olmadığından toplanmış HK-1-637, HK-2- 1022, 1027 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almadan mülki silahı əldə edib saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, Г02248 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, Г02248 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, Г02248 nömrəli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar